Şirvan şəhər ərazisində ictimai-iaşə və ticarət obyektlərinə keçirilən reydlər əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət edir.
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr Şirvan şəhərində də ardıcıl yerinə yetirilir.
Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən görülən qabaqlayıcı tədbirlər daha da gücləndirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılmış Operativ Qərargahın, mobil təbliğat qruplarının, şəhər Polis şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin Salyan Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə avqust ayının 28-də 29 ictimai-iaşə obyekti, 107 ticarət obyekti, 7-si bərbərxana, gözəllik salonu və 15-i digər obyektlər olmaqla, ümumilikdə 158 müəssisədə reyd keçirilmişdir.
Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilmiş, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilmişdir.
Görülən tədbirlərin əhalinin sağlamlığına və təhlükəsizliyinə xidmət etməsi sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır.