Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qubadlı rayonunu işğal etməsindən 27 il ötür.
Sahəsi 80250 ha olan və Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu Azərbaycan Respubikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ermənistan Respublikası ilə (120 km) Xocavənd rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir.
“1993-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100-dən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 minə yaxın Qubadlı sakini məcburi köçkünə çevrilib.
Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, dörd tibb ocağı, altı uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, bir tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. İşğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, talan ediblər. Ermənilərin yandırıb, talan etikləri Qubadlı tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat saxlanılırdı. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində doqquz, Əliquluuşağı kəndində beş, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid bir qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Qubadlı rayonunda 13160 ha ərazini əhatə edən müxtəlif növ ağaclardan ibarət dövlət meşə fondu mövcud idi. Rayonda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Sahəsi 20 min hektar olan və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Rayon ərazisindən iki böyük dağ çayı keçirdi. Həkəri və Bərgüşad çayları. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürürdü. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşurdu. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayırdı. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli çay, Şəki çayı, Sisyan çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından alırdı. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülürdü. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşirdi.
Şirvan şəhər İcra Hakimiyyəti şəhərdə məskunlaşan digər rayonlardan olan məcburi köçkünlərlə yanaşı Qubadlı rayonundan olan 15 məcburi köçkün ailəsi də diqqət və qayğı ilə əhatə edib. Mənzilə ehtiyacı olan 15 ailə şəhərin F.X.Xoyski küçəsində məcburi köçkün ailələri üçün yeni inşa olunmuş qəsəbədə hər cür şəraiti olan mənzillə təmin olunmuşlar. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər.
İnanırıq ki, qüdrətli Azərbaycan ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə torpaqlarımızı işğaldan azad edəcək və bütün köçkünlər kimi qubadlılar da öz doğma yurd-yuvalarına qayıdacaqlar.