Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açıldı.

15 sentyabr 2020 | 16:00

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində Reabilitasiya Mərkəzini əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verib. Müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak ediblər.
   Tədbirdən öncə S.Babayev və İ.Abbasov ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzüblər.
   Nazir S.Babayev tədbirdə çıxış edərək Prezident İlham Əliyevin göstərişi ilə ölkəmizdə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illərdə görülən işləri qeyd edib. Bildirib ki, 2019-cu ildə Yevlax, Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi, bu ilin avqust ayında isə Lənkəran, Şəki və Xaçmaz Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, bu gün isə daha bir müasir reabilitasiya müəssisəsi Şirvan şəhərində açılır. Bu da həm ardıcıl sosial inkişafın, həm də əlilliyi olan şəxslərə qayğının bir təzahürüdür.
   Reabilitasiya sahəsində aparılan islahatlardan bəhs edən S.Babayev qeyd edib ki,cənab Prezidentin Fərmanı ilə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yaradılması ekspertiza və reabilitasiya sahəsində xidmətlərin yeni optimal və təkmil model üzərində qurulmaqla daha çevik və keyfiyyətli, effektiv  təşkilinə yönəlib. Bu islahat müvafiq sahədə mövcud resurslardan səmərəli istifadəyə, bərpa xidmətlərinin çeşidlərinin və əhatə dairəsinin genişlənməsinə xidmət edir. S.Babayev bildirib ki, əsas hədəf əlilliyi olan vətəndaşların məmnun qala biləcəyi effektiv, keyfiyyətli, tam şəffaf xidmətlər sisteminin yaradılması, reabilitasiya müəssisələrinin fəaliyyətinin əlilliyi olan şəxslərin yenidən əmək qabiliyyətli insanlar kimi cəmiyyətə qazandırılması prinsipi üzərində  qurulmasıdır.
   Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə müasir reabilitasiya mərkəzlərinin yaradılmasının əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir göstəricisi olduğunu vurğulayıb.
   Əlilliyi olan şəxslər onların sosial müdafiəsi tədbirlərinin ildən-ilə geniş vüsət almasına, sağlamlıqılarının bərpası üçün reabilitasiya imkanlarının artırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
   Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.
   Müəssisədə müasir şərait yaradılıb və mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcək.

Keçidlər