Şirvan şəhərində abadlıq-quruculuq işləri uğurla davam etdirilir.
Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılması ilə bağlı göstəriş və tövsiyyələrinə müvafiq olaraq ölkəmizin bütün regionlarında olduğu kimi Şirvan şəhərində də irimiqyaslı layihələrin icrası, yenidənqurma işləri uğurla davam etdirilir. Həmçinin yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Abadlıq-quruculuq işləri sırasında Məhəmməd Füzuli adına Şirvan şəhər Mədəniyyət və İstirahət parkının xüsusi layihə əsasında, yüksək keyfiyyətlə və zövqlə əsaslı şəkildə yenidən qurulması xüsusi yer tutur. Müasir tələblərə uyğunlaşdırılan yeni istirahət parkı şəhərimizin simasını gözəlləşdirməklə bahəm, şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir. Son vaxtlar ərazisi genişləndirilərək 10,1 hektar olan parkda xeyli iş görülmüşdür. Parkın mərkəzi hissəsində yerləşən kanalın və süni gölün xüsusi texnikalar vasitəsi ilə qurudulması və təmizlənməsi başa çatdırılmış, monolit dəmir-beton tava və kanal divarları, 2 ədəd monolit dəmir-beton körpü tikilmiş, kanalın əks doldurulması işlərinə başlanılmışdır. Kanalın su təminatı və kanal suyunun təmizlənməsi üçün xüsusi qurğular, 400 KVA gücündə yeni KTM quraşdırılmış, su və kanalizasiya xətləri çəkilmişdir. Əraziyə tamet tavalar döşənmiş, beton bordyurlar düzülmüşdür. İkinci xiyabanda tamet tavaların döşənməsi və beton bordyurların düzülməsi işlərinə başlanılmışdır.
Şirvan şəhər sakinlərinin əlamətdar günlərdə hörmət və ehtiramla yad etdikləri “Ana abidəsi kompleksi”nin ətrafında da xeyli iş görülmüş, monolit dəmir-beton və hörgü işləri aparılmışdır. Parkın ərazisində yerləşən “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin fasad hissələri təmir olunmuşdur. Parkda uzun illərdən bəri mövcud olmuş bataqlıq ərazi çirkab sularından təmizlənmiş, parkın giriş hissəsində layihə üzrə genişlənmə işləri ilə əlaqədar pilləkənlərin bünövrəsi tamamlanmış, hörgü işlərinə başlanılmışdır.
Energetik küçəsi 9 nömrəli və L-nt. İbrahimov küçəsi 10 nömrəli binaların qarşısında sahəsi 1,5 ha olan müasir memarlıq üslubunda “Abad məhəllə”nin salınması son vaxtlar Şirvan şəhərində aparılan abadlıq işləri sırasında önəmli yer tutur. “Bizim həyət” layihəsinə uyğun olaraq “İDEA” İctimai Birliyi tərəfindən salınacaq idman qurğuları meydançası betonlanmış, əraziyə tamet tavalar döşənmiş, beton bordyurlar düzülmüş, 4 ədəd söhbətgahın metal konstruksiya işləri tamamlanmışdır. Abad məhəllənin işıqlandırılması üçün 18 ədəd işıq dirəklərinin, uşaq əyləncə qurğularının və müşahidə kameralarının quraşdırılmasına başlanılmışdır. Məhəllənin asfaltlanması işləri başa çatmaq üzrədir.
21 nömrəli tam orta məktəbdə söküntü işləri tamamlanmış, 624 şagird yerlik yeni məktəb binasının tikinti işlərinə başlanılmışdır.
15 sentyabr 2020-ci il tarixində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən Şirvan Reabilitasiya Mərkəzi limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Burada səmərəli fizioterapevtik üsullar, müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq ediləcək. Şirvan Reabilitasiya Mərkəzi Şirvan və ətraf rayonlar üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərəcəkdir.
Bundan əlavə 5 saylı Ərazi Vergilər idarəsi üçün tikilən yeni inzibati binada tikinti işləri artıq tamamlanmaq üzrədir. “Şəhidlər Xiyabanı”nda 2 yardımçı otağın təmir işləri başa çatdırılmış, 2010-cu ildə Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması nəticəsində baş vermiş təbii fəlakət zamanı şəhər ərazisində fərdi yaşayış evlərinə dəymiş ziyanla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 fərdi evin tikintisi tamamlanmışdır. 20 Yanvar küçəsi 26A nömrəli, Energetik küçəsi 3, 5 nömrəli yaşayış binalarının, Heydər Əliyev küçəsi 18 nömrəli, N.Nərimanov küçəsi 1 və 3 nömrəli yaşayış binalarının fasad hissələrinin, giriş bloklarının təmiri işləri başa çatmışdır.
Heydər Əliyev prospektində daşıyıcı qaz xətlərinin çəkilişi yekunlaşmış, M.Füzuli, M.Mirzəyev, N.Nərimanov, H.Z.Tağıyev, M.Ə.Rəsulzadə, M.P.Vaqif, Naxçıvan, Energetik küçələrində ümumilikdə 5000 poqonmetr müxtəlif diametrli paylayıcı qaz xətləri çəkilərək istismara verilmişdir. Hazırda T.İsmayılov, l-nt İbrahimov, S.Zeynalov, 20 Yanvar və Energetik küçələrində kanalizasiya, “Bağ evləri” yaşayış sahəsində su xətlərinin çəkilişi işləri davam etdirilir.
Hacıqabul-Şirvan avtomobil yolunun 4 və 5-ci kilometrlərində əsaslı təmir işləri tamamlanmış, 15400 kvadratmetr asfalt-beton örtük vurulmuşdur. Şəhərdaxili yolların əsaslı təmiri işlərinə başlanılmış, F.X.Xoyski və İ.Şıxlı küçələrinə ümumilikdə 7317 kvadratmetr asfalt-beton örtük vurulmuş, Heyranxanım, S.Bəhlulzadə, Niyazi, R.Rza, Təbriz, Y.V.Çəmənzəminli, X.Məmmədov, L-nt İbrahimov olmaqla, ümumilikdə 23 küçədə hazırlıq işlərinə başlanılmışdır. Heydər Əliyev, F.Eynullayev, G.Şıxbalaoğlu, Ş.Şükürov, S.Ə.Şirvani, 1 May, M.V.Vidadi, T.Ələkbərov, İstiqlaliyyət küçələrində, Heydər Əliyev prospektində səkilərin, 28 May 3, 4, 5, 7, Heydər Əliyev 10,12, F.Eynullayev 9 saylı yaşayış binalarının qarşısında ümumilikdə 6 nümunəvi məhəllənin layihə smeta sənədləri hazırlanmış, tikinti-quraşdırma işlərinə başlamaq üçün hazırlıq işləri görülür.
Şəhər İcra Hakimiyyəti tərəfindən Şirvan şəhərində abadlıq-quruculuq işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilir.