27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür.
Təcavüzkar Ermənistan tərəfi sentyabr ayının 27-dən başlayaraq cəbhə boyu təxribata əl atmaqla və Azərbaycan ordusuna və yerli əhaliyə iri çaplı silahlardan atəş açmağa başlamaqla öz təcavüzkar siyasətini davam etdirmişdir. Qaniçən düşmən yerli sakinləri hədəfə almaqdan çəkinməmiş, mülki şəxslərə və fərdi təsərrüfatlara iri çaplı silahları tətbiq etmişdir. Əlbətdə ki, səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi hücum zamanı məqsədləri yeni ərazilərimizi işğal etmək, əhalini qorxuya salmaqla öz yurd-yuvalarını tərk etməyə məcbur etməkdən ibarət idi. Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozmuşdur.
Düşmən Azərbaycanın Qazax, Gədəbəy, Goranboy, Tərtər və Ağdam rayonları da daxil olmaqla bütün cəbhə boyu təxribata əl atsa da, şanlı Azərbaycan ordusu düşmənin növbəti təxribatının qarşısını almaq üçün ağır zərbələr endirərək onu geri oturtdu və hazırda bütün cəbhə boyu əks-hücum əməliyyatlarını tətbiq etməkdədir. Belə ki, düşmənin ağır itkilər verərək geri otuzdurulması ilə yanaşı, Milli Ordumuz hazırda növbəti hücumların qarşısını almaq məqsədilə hərbi əməliyyatları davam etdirir. Azərbaycan ordusu ölkəmizin müdafiəsinin təmin edilməsi məqsədilə döyüş əməliyyatlarını yerinə yetirərkən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutmuş, mülki əhaliyə və mülki obyektlərə qarşı silah işlətməmişdir. Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalıb. Təsadüfi deyil ki, Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev ordumuzun qazandığı uğurları haqlı olaraq ciddi hərbi qələbə kimi səciyyələndirərək, xalqımızı təbrik edib.
Ermənistanın danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz etdi. Bugünkü təxribatdan sonra artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəlib çatıb. Artıq silahlı qüvvələrimimiz işğal altında olan kəndlərimizi azad etməkdədir. Bu müjdəli xəbərlərin mütəmadi olaraq gələcəyinə hər birimiz inanırıq. Bu münasibətlə bir daha xalqımıza göz aydınlığı verir və artıq Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzünə son qoyulmasının vaxtı çatdığını bildiririk.
Bu gün hər birimiz Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, onun verdiyi bütün tapşırıqları və göstərişləri dərhal icra etməliyik. Hamılıqla hərbi vəziyyətin tələblərinə riayət etməliyik ki, Şanlı Ordumuz bütün işğal altında olan ərazilərimizi azad etsin və Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edək.
Aynur Fərzəliyeva,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru