Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Ordunun qətiyyəti

28 sentyabr 2020 | 16:00

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribata əl ataraq cəbhəboyu ərazidə yerləşən Azərbaycan kəndlərini, həmçinin ordumuzun mövqelərini intensiv atəşə məruz qoyub. Dinc sakinlər və hərbi qulluqçular arasında itkilərə gətirib çıxaran bu təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Qəhrəman Azərbaycan Ordusunun əzmi və şücaəti nəticəsində Füzuli rayonunun işğal altında olan 6, Cəbrayılın isə 1 kəndi erməni qəsbkarlarından təmizlənib. Həmçinin Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, ordumuz Ağdərə istiqamətində də əminliklə irəliləyərək, strateji əhəmiyyətə malik mövqeləri öz nəzarətinə götürüb. Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalıb. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev ordumuzun qazandığı uğurları haqlı olaraq ciddi hərbi qələbə kimi səciyyələndirərək, xalqımızı təbrik edib.Bu parlaq qələbə heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsidir. Dövlət başçısı bir daha sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri həqiqətən də bölgənin ən qüdrətli ordusudur və hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadirdirlər.
   Şirvan şəhər gəncləri bu həyəcanlı, məsuliyyətli və şərəfli anlarda da möhtərəm Prezidentimizin, dövlətimizin və ordumuzun apardığı haqlı mübarizəni ürəkdən dəstəkləyir və müdafiə edir. Erməni təxribatı nəticəsində dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik, ordumuzdan isə yeni zəfər müjdələri gözləyirik.

Əfqan Həsənov,

Şirvan şəhər Gənclər Evinin direktoru

Keçidlər