Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclası keçirilib

28 sentyabr 2020 | 16:00

Dövlətimizin başçısı iclasda çıxış edərək, bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsini, təxribat nəticəsində həm mülki əhali, həm də hərbçilər arasında itkilərimizin olduğunu qeyd etmişdir. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.
   Cənab məlumatı alan kimi, Müdafiə naziri və digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladığını, müvafiq göstərişlər verdiyini və bu göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bildirmişdir. Qeyd  etmişdir ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər. Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.
   Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
  Ölkə Başçısı onu da bildirdi ki;  Bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir. Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.
  Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Elnur Novruzov,

1 nömrəli tam orta məktəbin direktor müavini

Keçidlər