Azərbaycan haqq yolundadır.
27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilmiş, yaralanmış, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəymişdir. Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçərək Ermənistan ordusuna layiqli cavab verib.
Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Ermənistandan fərqli olaraq Azərbaycan heç bir təxribata əl atmamışdır. Ölkəmiz sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Artıq otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır.
Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!
Samirə Abışova,
Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri