Ermənistan hökuməti işğalçıdır
27 sentyabr hadisələri bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirir.
Azərbaycanın güclü ordusu və qətiyyətli, uzaqgörən, müdrik Ali Baş Komandanı var. Prezident İlham Əliyev xalqa müraciətində vəziyyəti ətraflı təhlil etdi. Dövlətimizin başçısı Ermənistanın xüsusən son illər törətdiyi təxribatları diqqətə çatdıraraq bildirdi ki, işğalçı ölkə danışıqlardan yayınır. Azərbaycan xalqı iki əsrdir erməni təcavüzündən, milliyyətçiliyindən, terrorundan və işğalından əziyyət çəkir. Artıq Azərbaycan Ordusu, xalqı, dövləti buna son qoymağın vaxtını çatdığını düşmənə göstərdi. Qələbə Azərbaycanındır. Bütün Azərbaycan xalqı vahid bayraq altında birləşib, vətəndaşlarımız Ordumuzun yanındadır. Biz böyük tarixi anlar yaşayırıq. Yaxın günlərdə bizə böyük qələbəni görmək qismət olacaq. Xalqımız həmrəydir, gənclərimiz, ehtiyatda olan döyüşçülərin hamısı bir bayraq altında, vahid amal uğrunda sıx birləşib. Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür. Bir fikrimiz, bir amalımız var: Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu bizdən şəhidlərimizin ruhu tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Yalnız bundan sonra şəhidlərimizin ruhu şad olacaq.
Bu gün Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar var. Paşinyan məhz sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir.
Sentyabrın 28-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir. Ermənistanın yeni təcavüz aktına cavab olaraq, əks-hücum tədbirlərini həyata keçirən Azərbaycan Silahlı Qüvvələri mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edərək, əks həmlələrini məhz beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirir. Ermənistan tərəfinin beynəlxalq hüquqa zidd addımları isə bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini nümayiş etdirir.
Beynəlxalq ictimaiyyəti Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alan müharibə cinayətlərini qətiyyətlə pisləməyə çağırırıq.
Fəxrəddin Rəhimov,
Şirvan şəhər Ağsaqallar Şurasının sədri