Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vəziyyət Ermənistanın işğal siyasətinə cavabdır.

29 sentyabr 2020 | 16:00

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının Silahlı Qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə "Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli Fərman imzalayıb. Elə həmin gün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən iclas keçirildi və "Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.
    Bu Fərmanın imzalanması Azərbaycanda xalq, dövlət, ordu birliyinin növbəti təzahürü oldu. Bu gün tam əminliklə deyə bilərik ki, hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir.
    Təqdirəlayiq məqam ondan ibarətdir ki, bu gün xalqımız Ali Baş Komandanımıza birmənalı dəstək nümayiş etdirir, xalq arasında yüksək əhval-ruhiyyə mövcuddur, insanlarda torpaqlarımızın işğaldan azad olunacağına dair dərin inam mövcuddur. Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi faktı da Ermənistanı qorxuya salır. Daha bir təqdirəlayiq məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təxribata dair birgə bəyanat yaydı və dövlətin ümumi maraqlarının qorunması istiqamətində birlik nümayiş etdirdi. Bütün bu faktların təzahürüdür ki, hazırda Ermənistan psixoloji gərginlik vəziyyətindədir. Onlar şüurlu şəkildə danışıqlar prosesini pozur. "Dağlıq Qarabağ Ermənistandır.", "Yeni ərazilər, yeni müharibə." kimi cəfəng bəyanatlar Ermənistanın hələ də ağlının başına gəlmədiyindən xəbər verir.Bu günlərdə biz tarixi günlərə, saatlara şahidlik edirik. Xalqımızdan gözlənən bir məsələ də var ki, düşmən tərəfə xırda bir informasiya olsa belə sızdırmamaq üçün onların informasiya təxribatlarının baş tutmasına imkan verməsinlər. Bu səbəbdən də bir sosial şəbəkə istifadəçisi, elektron informasiya resursu dəqiqləşdirilməmiş məlumat yaymamalıdır. Hər bir kəs bu məsələdə yalnız rəsmi mənbələrə etibar və istinad etməlidir. Mövcud vəziyyət ondan xəbər verir ki, şanlı Azərbaycan Ordusu qarşısında öz ordusunu terrorçulardan təşkil edən işğalçı Ermənistan ordusu aciz vəziyyətdədir. Əminik ki, qüdrətli ordumuz yalnız Qələbə xəbərləri ilə bizi sevindirəcək".


Azər Quliyev,
Gənclər və İdman İdarəsinin rəisi

Keçidlər