50 siyasi partiyanın birgə bəyanatı milli birliyin və həmrəyliyin nümunəsidir
Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı geniş miqyaslı təxribatı onun işğalçı, faşist mahiyyətini bir daha ortaya qoydu. Ermənistanın daxilində yaşanan xaos və ciddi daxili problemlər fonunda Ermənistan rəhbərliyi ictimai diqqəti yayındarmaq üçün hərbi təxribata əl atmaqla bir daha göstərdi ki, erməni iqtidarı ölkəsinin daxili problemlərinin həll etməkdə acizdir. Ermənistanın müharibə qanunlarına zidd addımları, əsasən silahsız mülki əhalini və yaşayış məntəqələrini intensiv atəşə tutması, yaşayış məntəqələrini bombalaması heç bir insanlığa sığmayan bir vəhşilikdir. Lakin Şanlı Ordumuz əks hücumu ilə düşmən mövqelərinə sarsıdıcı cavab zərbələri endirməklə düşmənə tarixi dərs verdi. Belə bir həlledici məqamda Azərbaycanın 50 siyasi partiyası işğalçı Ermənistanın məkrli təxribatlarına qarşı birgə bəyənat imzaladılar. İşğalçı Ermənistanı 30 ilə yaxın müddətdə davam edən işğalına son qoymağa çağırdılar. Ölkənin 50 siyasi partiyası milli və siyasi həmrəylik nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarını bəyan etdilər. Bu bəyanat həm də ölkədə milli məsələlərdə ayrı-ayrı siyasi partiyalar arasında milli həmrəyliyin və siyasi dialoqun mövcudluğunun göstəricisidir. Bu həm də ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Siyasi partiya rəhbərləri öz birgə bəyanatlarında beynəlxalq təşkilatları Ermənistanın işğalçı siyasətinə göz yummamağı və bu işğala adekvat cavab verməyi tələb etdilər. Bütün bunlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı siyasi görüşlərindən asılı olmayaraq Azərbaycanın haqq-ədalət müharibəsində dövlətin və Ali Baş Komandan İlham Əliyevin yanındadır. Lakin Azərbaycanın taleyüklü məsələlərində hər zaman radikal mövqe nümayiş etdirən, ölkəmizin tarixi ədalət və haqq uğrunda apardığı müharibədə, vətənin bu ağır günündə xalqla birlik nümayiş etdirmək əvəzinə öz şəxsi ambisiyalarını irəli sürən və bu birliyə arxa çevirən Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları yenə də xəyanətkar xislətlərini göstərmiş oldular. Bir daha sübut etdilər ki, onlar üçün vətən, dövlət, xalq hər şey yalnız şəxsi maraqlar üçündür. O maraqlar ki, buna görə düşmən dəyirmanına su tökməyə belə hazırdırlar. Belə bir şərəfli tarixi gündə dövlət və xalqla birlikdə olmaqdan imtina edən AXC və Müsavat partiyaları əsl missiyalarının vətən və xalq olmadığını bəyan etdilər.
Elçin Həsənov,
Şirvan şəhər Təhsil şöbəsində Metodkabinetin müdiri