Şirvan Şəhər İcra Hakimiyyətində 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi.
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2019/2020-ci tədris ilində 600-dən yuxarı bal toplayan məzunlarla görüşdü. Xüsusi karantin rejiminin qaydaları gözlənilməklə keçirilən görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan məzunları, onların müəllim və valideynlərini təbrik etdi. İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən səviyyəyə çatmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu, respublikamıza rəhbərliyi dövründə təhsilə xüsusi diqqət və qayğı göstərdiyini, islahatların həyata keçirildiyini, ölkəmizdə yeni məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin inşa edildiyini, güclü kadr potensialının yaradıldığını, istedadlı gənclərin xaricdə ən nüfuzlu ali təhsil müəssisələrinə oxumağa göndərildiyini bildirdi.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən təhsil islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir, qəbul edilən dövlət proqramları ardıcıl icra edilir, təhsilin maddi-texniki bazası gücləndirilir, xaricdə təhsil almağa göndərilən tələbələrin sayı ildən-ilə artır. Heydər Əliyev Fondu, Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdiyi mütəmadi diqqət və qayğısı sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəbləri” layihələrinin uğurla icra edilməsi Azərbaycan təhsilinin inkişaf səviyyəsini daha da gücləndirir.
İlqar Abbasov son 17 ildə respublikamızda 3700-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir edildiyini, modul tipli yeni məktəb binalarının inşa olunduğunu qeyd etdi. Ölkədə təhsilin inkişafına göstərilən diqqət və qayğının yerlərdə də davam etdirildiyini bildirdi. Son illərdə Şirvan şəhərində də mövcud məktəblərin əsaslı və ya cari təmir edildiyini, 5 və 21 nömrəli tam orta məktəblər üçün yeni tədris binalarının tikildiyini qeyd etdi. Məktəblərdə tədrisin keyfiyyət göstəricilərinin ildən-ilə yaxşılaşması ilə yanaşı, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə də xüsusi önəm verildiyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf etməsindən, həyata keçirilən ordu quruculuğundan, ordunun maddi-texniki bazasının möhkəmlənməsi sahəsində görülən işlərdən danışdı. Ermənilərin cəbhə bölgəsində və sərhəddə vaxtaşırı törətdiyi təxribatlara və təcavüzə qarşı ordumuzun layiqli cavab verdiyini qeyd etdi. Onların sentyabrın 27-də törətdiyi təxribata və hərbi təcavüzə də layiqli cavab verildiyindən, şanlı ordumuzun əks hücumu nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsindən, strateji əhəmiyyət kəsb edən yüksəkliklərin fəth olunmasından danışdı. Əldə edilən qələbə münasibəti ilə görüş iştirakçılarını təbrik etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan cənab İlham Əliyev başda olmaqla ordumuza, bütün əsgər və zabitlərimizə yeni-yeni qələbələr arzu etdi.
Görüşdə Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, YAP şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev, 1 nömrəli tam orta məktəbin müəllimi Pakizə Məmmədova, 16 nömrəli tam orta məktəbin məzunu Səkinə Əlizadə, respublika fənn olimpiadasının final mərhələsində biologiya fənni üzrə bürünc medal qazanan Türkan İsmayılzadə çıxış edərək 2019/2020-ci tədris ilində qazanılan uğurlardan danışdılar.
Əldə etdikləri uğurlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Sonda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təhsildə yüksək nəticələr əldə edən məzunları bir daha təbrik etdi, onları qiymətli hədiyyələrlə mükafatlandırdı.