Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi partiyalar ümumilli mənafe uğrunda birləşməlidirlər

30 sentyabr 2020 | 16:00

İşğal olunmuş ərazilərimizin erməni qəsbkarlarından azad olunması uğrunda milli birliyimizin tarixi-siyasi mərhələsi həm də siyasi birliyimizin zəruriliyini gündəmə gətirmişdir. Siyasi həmrəylik milli həmrəyliyin cox mühüm komponentidir. Bu günölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı Azərbaycanda xalq-dövlət həmrəyliyi ilə yanaşı siyasi təfəkkürün formalaşmasından xəbər verir. Siyasi partiyaların rəhbərləri birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınamış, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktına münasibət bildirərkən bu faktı  insanlığa qarşı cinayət kimi qiymətləndirmişlər. Müsbət haldır ki, Ermənistanın 30 ilə yaxın bir müddət ərzində beynəlxalq normalara  məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb ediblər. Məlumdur ki, Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmiş, təcavüzun əhatəsinin genişlənməsinə şərait yaratmışdır. Siyasi partiyaların rəhbərləri dövlət başçısının bu əsasda dünya dövlətlərin qarşısında söylədiyi fikirləri dəstəkləmiş və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirmişlər. Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı xüsusi konseptual baxışları xalqın yekdil fikirləri ilə öz legitimliyini göstərir. Odur ki, siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqeyinin haqq işinin dəstəklənməsi kimi qiymətləndirilməlidir. Azərbaycan xalqının  və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin yanında olması həm də onu deməyə əsas verir ki, ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulması ücün münbit  zəmin yaradılmışdır. Çünki bu siyasət sübut etdi ki,  Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.
    Təəssüf hissi ilə deyilməlidir ki, bu gün Vətən müharibəsinə etinasız qalanlar  Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, bu gün də siyasi ədavət saxlamaq yolu tutmuşlar. Belə tarixi məqamda  siyasi dialoq çağırışlarına cavab verməyən siyasi partiyalar beşinci kolonu təmsil edir. Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları  haqlı olaraq dərin təəssüf hissi  doğurur.

Aynur Fərzəliyeva,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru

Keçidlər