Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibəyə başlayan Ermənistandır

01 oktyabr 2020 | 16:00

Ermənistanın işğalçılıq siyasəti artıq dünya ictimaiyyəti tərəfindən də qınaq hədəfinə çevrilib. Son iki ildə münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyən təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan vəziyyəti daha da gərginləşdirərək müharibə həddinə çatdırdı. Bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən, sərhədboyu əraziləri artilleriya atəşinə tutan, hərbçilərimizi və mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrinə ciddi ziyan vuran Ermənistan ordusu Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri qarşısında davam gətirə bilmədi və böyük itkilər verərək geri çəkildi.
  Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verənlər barəsində ətraflı məlumat verdi. Möhtərəm Prezidentimiz ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Dövlət başçısı böyük auditoriyadan istifadə edərək Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu bildirdi. Dedi ki, qısa vaxt ərzində hərbi təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var.
  Azərbaycan Prezidenti İlham Əliyevin  "Rossiya-1" telekanalına müsahibəsində və BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlar seqmentində çıxışı zamanı da qeyd etdiyi kimi, Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən Azərbaycanın işğal olunmuş ərazilərinə terrorçuların və muzdluların gətirilməsi prosesi var. Həmçinin bu terrorçular Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ailələri ilə birlikdə gətirilərək onların məskunlaşdırılması həyata keçirilir. Həmin şəxslər Azərbaycana qarşı hərbi əməliyyatlarda da iştirak edirlər. Bu da Azərbaycanın ciddi narahatlığına səbəb olan məsələdir. Bununla bərabər, 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin aktiv fazasında da muzdlulardan, terrorçulardan geniş şəkildə istifadə edilib. Burada ASALA terror təşkilatını, ARABO, ARAMO kimi terror qruplaşmalarını qeyd etmək lazımdır. Elə bu günlərdə Yaxın Şərq ölkələrindən erməni əsilli bir şəxs ASALA terror təşkilatının təmsilçisi olaraq Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycana qarşı vuruşduğunu özü etiraf edir. Azərbaycanın da narahatlıqları var və beynəlxalq ictimaiyyət tərəfindən də Ermənistanın bu kimi terrorçu qüvvələri Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməlidir.

Azər Quliyev,
Gənclər və İdman İdarəsinin rəisi

Keçidlər