Pakistan-Azərbaycan qardaşlığı və əməkdaşlığı bütün dünyaya nümunədir.
Pakistan və Azərbaycan əlaqələri yaxın dostluq və əməkdaşlıq bağları ilə xarakterizə olunur. İlk öncə onu qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycan və Pakistan bütün məsələlərdə bir-birilərini dəstəkləyir.Xüsusən də Ermənistan-Azərbaycan münaqişəsində qardaş Pakistan dövləti Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləməklə yanaşı həm də Azərbaycana açıq dəstəyini nümayiş etdirir, Azərbaycanın haqq işini müdafiə edir. Bu qardaşlığın əsl nümunəsidir. Qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Azərbaycan da öz növbəsində Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və məsələnin həllində qardaş Pakistanın yanında olduğunu dəfələrlə bəyan etmişdir. Buna cavab olaraq Ermənistan da Kəşmir problemində Hindistanın mövqeyini dəstəkləyir. Fəqət Pakistan İslam Respublikasını bir dövlət kimi tanımaqdadır. Azərbaycan Respublikası da öz növbəsində Pakistanın ərazi bütövlüyünü dəstəkləyir və bununla yanaşı dostluq prinsiplərinə əsaslanaraq sıx diplomatik əlaqələr saxlayır. Pakistan-Azərbaycan əlaqələri həm də hərbi əməkdaşlıq müstəvisində inkişaf edir. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında saziş bunun bariz nümunəsidir. Qeyd olunan sənəddə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunmuşdur. 2015-ci ildə 130 azərbaycanlı hərbçi Pakistanda təlim keçmişdir. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənmişdir.Sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi bir Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Bu əməkdaşlıq və qardaşlıq əlaqələri həm də bütün dünyaya nümunədir.
Səadət Quliyeva,
Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru