İlham Əliyev: “Bizim işimiz haqq işidir!”
“Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib.
“Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür” – sözləri ilə müalicə olunan hərbçilərlə müraciət edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev onların diqqətinə çatdırıb ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər.
Xüsusi vurğulamaq lazımdır ki, yaralanan əsgərlərlə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanıma Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
Görüşdə - “Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik” - deyən cənab İlham Əliyev bir daha erməni xalqının diqqətinə çatdırıb ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti!
Daha sonra cənab Prezident xüsusi vurğulayıb ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir və burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır, o cümlədən erməni xalqı. Minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşlarımızdır. Ona görə bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur.
Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pisləyən cənab Prezident qeyd edib ki, Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək.
Görüşdə Cənab İlham Əliyev beynəlxalq təşkilatların, dünya ölkələrinin diqqətinə bir daha çatdırıb ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Ölkə rəhbəri eyni zamanda xüsusi olaraq vurğulayıb ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.
Müalicə olunan hərbiçilərə qayğı və diqqətlə yanaşan dövlətimizin başçısı qeyd edib ki, siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib.
Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı öz Lideri ilə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevlə, onun ən yaxın silahdaşı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə fəxr edir, qürur duyur.
Müasir Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində davamlı uğurlara imza atan ölkəmiz güclü orduya malikdir və qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Azərbaycan xalqı əmindir ki, şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında tezliklə torpaqlarımızı işğaldan azad edəcək.
Barxudar Barxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru,
filologiya üzrə fəlsəfə doktoru