Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaq.
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşmüşdür. İlk olaraq hərbçiləri göstərdikləri şücaətə görə təbrik edən Ali Baş Komandan bildirib ki, verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma torpaqlarına qayıdacaqdır.
Ömürdən pay verərlər, torpaqdan pay olmaz deyən xalqımız bu gün ərazi bütövlüyümüzün bərpası uğrunda son damla qanınadək mübarizə aparır və Azərbaycan üçün sipər olmağa hər bir vətəndaşımız hazırdır! Bu gün Azərbaycan Ordusunda çox yüksək əhval-ruhiyyə var. Şanlı Ordumuz zəfərdən-zəfərə doğru inamla irəliləyir. Əhali arasında da ruh yüksəkliyi müşahidə edilir. Hamımız başa düşürük ki, bu problemi birdəfəlik həll etmək lazımdır. Bu müharibədə qalib olacağımıza heç kimdə şübhə yoxdur. Çünki biz haqlıyıq. Ali Baş Komandanımızın dediyi kimi biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Artıq torpaqlarımızda öz bayrağımızı sancmışıq və bundan sonra bu torpaqlardan bizi heç kim çıxara bilməz. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.
Hazırda hər kəs Ordumuzun yanındadır, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi ordu ilə döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir. Əldə olunmuş uğurlar, işğaldan azad edilən ərazilərimiz, Ordumuzun şücaəti və xalqımızda Ali Baş Komandana və Ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, zəfər bizimlədir! Tezliklə bütün xalqımız Böyük Qələbəni bayram edəcək!
Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.
Əziz Abbasov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini