Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin keşiyində duran əsgər kimi qürurluyam!”

02 oktyabr 2020 | 16:00

Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var. Tabor komandiri Əlyar Əliyev, Xocalının müdafiəçisi Əlif Hacıyev, Tərtər rayonunu son nəfəsinə kimi müdafiə edən Vəzir Orucov kimi, ... qəhrəmanları olub. Əsgərlərimiz bu qəhrəmanları özünə örnək bilir. Bu gün bu qəhrəmanların sayı artır.
Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-dən başlayan Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alan hərbçilərimizlə görüşüb.
Bu görüşdə Mehriban xanımın göz yaşları axıtdığını hiss etməmək mümkün deyildi. Bu onu göstərir ki, ölkənin birinci xanımı əsgərlərimizə həssaslıqla yanaşır. Həqiqətən də yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Ölkə başçısı və birinci xanım əmindilər ki, Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdıb, mübarizələrini davam etdirəcəklər. Dövlətinin qayğısını görən əsgərlər bilirlər ki, tək deyillər və arxada qoyduqları ailələri də daim diqqətdə olacaq.
   Prezidentimiz də şəhid ailələri ilə bağlı çıxışlarında həmişə bildirir ki, Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlətimiz sözdə deyil, əməldə də göstərir ki, hər zaman öz əsgərinin, şəhidinin ailəsinin yanındadır və həmişə də yanında olacaq.
   Bizim əsgərlərimiz isə xilaskar əsgərlərdir. Bizim əsgərlər heç bir ölkənin torpaqlarına göz dikmir. Bizim əsgərlər öz torpaqlarının uğrunda əks hücumlara başlayıb. Çox keçməz ki, ordumuz torpaqlarımızı işğaldan azad edib, Azərbaycan bayrağını o yerlərdə dalğalandıracaq. Yaşasın Azərbaycan, yaşasın dövlətimiz, var olsun müzəffər ordumuz.
   Şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, ordumuza yeni-yeni uğurlar arzulayıram. Biz Qarabağ əlilləri və veteranları hər an əldə silah Vətənin müdafiəçilərinin sırasına qoşulmağa hazırıq
Ən böyük arzumuz budur ki, Silahlı Qüvvələrimiz bu günlər ərzində qazanılan uğurları davam etdirsinlər. Hamımız elliklə Vətən müharibəsinə qalxaq, torpaqlarımızı bu uzunsürən işğaldan azad edək, mənfur düşməni qovub ölkəmizdən çıxaraq. Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun və bütün Azərbaycan xalqının bu azadlıq müharibəsinin zəfərlə başa çatacağına, nəyin bahasına olursa-olsun torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına dərindən inanırıq. Tarixi haqqımız olsa da, bizim düşmən torpaqlarında gözümüz yoxdur, beynəlxalq hüququn tanıdığı öz torpaqlarımıza sahib olub dövlətimizin suveren haqqını təmin etməliyik. Əminik ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq. Bu Vətən müharibəsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, Şanlı Ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində zəfərlər, xalqımıza qələbə sevinci arzulayırıq!

Pənah Xankişiyev,
Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin sədri

Keçidlər