Şriftin ölçüsü :

Saytın rəngi :

Haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində olması sual doğurur

03 oktyabr 2020 | 16:00

ATƏT-in Minsk qrupunun həmsədri Fransa Ermənistanı siyasi dəstək verən ölkə olaraq Minsk qrupunda birtərəfli şəkildə beynəlxalq hüququ tapdalayaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı fikir irəli sürdü. Fransa prezidenti Emmanuel Makronun məhz çağırışı ilə BMT TŞ toplanmaqla Ermənistanı cəzadan qorumağa çalışır.
    Prezident E.Makron ABŞ və Rusiya dövlət başçılarına zəng edərək, Qarabag məsələsini müzakirə və Azərbaycanın hücumlarını dayandırmasını müzakirə edib. Göründüyü kimi, Makron artıq Qarabağın işğaldan azad edilməsinin əleyhinədir, bunu açıq şəkildə qeyd etdi və bu istiqamətdə diplomatik hərəkətlilik edir.
   Qeyd edək ki, Makron Türkiyəyə qarşı Yunanıstanla bir cəbhədədir və Qarabağ məsələsində də Türkiyənin rolunu qabardaraq burada Ermənistanla eyni siyasi xətti bölüşür.
   Fransa rəhbərliyinin mövqeyi heç nəyi dəyişməyəcək. Beynəlxalq hüququn diktə etdiyi tərəfi deyil, işğalçının yanında durmaqla Minsk qrupu çərçivəsində fəaliyyətinə kölgə salmış oldu. Bundan sonra, Azərbaycan Fransanın Minsk qrupunda təmsilçiliyini qəbul etməməlidir. Ümumiyyətlə, hazırkı prosesdə Minsk qrupu funksiyasını itirib.
   Hazırda Qarabağ problemi ətrafında baş verən proseslərə və son hadisələrə dünya güclərinin göstərdiyi mövqeyə bir qədər geniş şəkildə yanaşmaq lazımdır. Konkret olaraq Fransanın əl-ayağa düşməsinə gəldikdə isə bu ölkənin hazırda Azərbaycana dəstəyini əsirgəməyən Türkiyə ilə münasibətləri də çox gərgin olub. Fransız siyasətçilər hətta yüz il əvvəl indiki Türkiyə ərazisində baş verən hadisələri Parlamentə soyqırımı kimi daşıyıblar. Yəni Fransa Türkiyə ilə Azərbaycana dair mühüm hadisələrdə hər zaman birtərəfli mövqe göstərib. Amma Makronun hakimiyyətə gəlişindən sonra bu cür qərəzli mövqelər daha qabarıq şəkildə nümayiş etdirilir.
   Görünür bu məsələdə yenə də Fransanın erməni lobbisi, erməni əsilli zəngin insanlar öz sözünü deyir: Onlar nəinki ölkədaxili, xarici siyasətə də öz təsirlərini göstərirlər. Əlbəttə ki, Makronun hazırkı sarı mətbuata əsaslanan anormal bəyanatları Azərbaycanda dərin təəssüf hissi doğurmalıdır. Çünki bu ölkə sıradan bir dövlət deyil, BMT Təhlükəsizlik Şurasının üzvüdür, ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Təbii ki, belə bir ölkənin və münaqişənin nizamlanmasında əsas rol oynayan dövlətin indiki həssas məqamda neytral mövqe sərgiləməməsi bizim üçün qəbulolunmazdır. Biz bu cür hadisələr zamanı öz sözümüzü demişik və deməliyik də! Yəni qəti şəkildə prinsipiallıq göstərmək zamanıdır. Artıq Fransa ilə aramızda olan pərdə də birdəfəlik aradan qaldırılıb. Əgər Makron bu cür nümayişkaranə şəkildə saxta bəyanatlar verəcəksə, işğalçının yanında durduğunu göstərəcəksə, o zaman Fransanın həmsədr ölkə olmağa nə ixtiyarı, nə də əsası qalır. Əgər bugünkü Fransa hökuməti cəbhədə baş verən proseslərə obyektiv yanaşmasa, yaxın gələcəkdə Qarabağ məsələsinin nizamlanmasında iştirak etmək hüququnu itirə bilər. Makron Ermənistan rəhbərliyini dəstəkləməkdə davam edib, işğalçı ordunu silahlandırmaq istəsələr, qoy bunu da etsinlər! Biz də aşkar bilək və dünyaya göstərək ki, həmsədr olan Avropa dövləti Ermənistanın yaxın müttəfiqidir və müharibədə işğalçıya açıq aşkar dəstək oldu.


Ramil Tağıyev,
Təhsil RİM Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinın direktoru

Keçidlər