Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi qanlı səhifələrlə dolu olan Fransanın işğalçı Ermənistana açıq şəkildə dəstək verməsi təəssüf doğurur.

03 oktyabr 2020 | 16:00

İşğalçı Ermənistanın sentyabrın 27-də açıq şəkildə Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və təxribat işğalçı ölkənin beynəlxalq hüququn prinsiplərinə zidd addımlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və ATƏT-in Minsk qrupunun həmsədri olan  Fransa Prezidenti Emanuel Makronun  işğalçı Ermənistana açıq şəkildə dəstək nümayiş etdirməsi onun ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkəsinin üzərinə götürdüyü öhdəlikləri icra etmək niyyətində olmadığından xəbər verir.Onun sentyabrın  30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. İşğalçı dövləti dəstəkləmək işğala dəstək deməkdir. Fransa Prezidenti öz qərəzli bəyanatları ilə məhz regionda sülhə və təhlükəsizliyə təhdid rolu oynayan Ermənistanı dəstəkləməklə regionun təhlükəsizliyinə qarşı məsuliyyətsiz addımlar atır. Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi digər tərəfdən ölkəmizə qarşı həyata keçirilən ikili standartların ən bariz nümunəsidir. Bu o deməkdir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz funksiyasını yerinə yetirmək iqtidarında deyil. Digər tərəfdən Fransa Prezidenti işğalçını dəstəkləməzdən öncə  öz ölkəsinin qaranlıq tarixi keçmişi ilə üzləşməlidir. Çünki, dünyanın bir çox xalqlarına qarşı Fransanın həyata keçirdiyi sərt müstəmləkəçilik siyasəti bütün dünyaya məlumdur. Xatırlatmaq lazımdır ki, Fransa soyqrımlar törətmiş bir dövlətdir. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırım həyata keçirmişdir. Bundan əlavə Vyetnamda, Qabonda, Tunisdə, Çadda, Cibutidə milyonlarla insana qarşı amansız soyqrımlar törədən dövlət məhz Fransadır. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. Belə bir qaranlıq və qanlı səhifələrlə dolu tarixi olan bir dövlətin Azərbaycanın haqq və ədalət mübarizəsində işğalçı Ermənistana açıq dəstək verməsi həqiqətən təəssüf doğurur.

Əminə Əliyeva,
Şirvan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Keçidlər