Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovun müəllimlərə təbriki
Əziz müəllimlər,
Bugün müəllimlərin peşə bayramı günüdür. Müəllim gününün 1966-cı ildə təsis olunması YUNESCO tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd olsa da indi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5 Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir."
Təhsil işçilərinin uğurları daim cənab Prezidentin diqqət mərkəzində olmuş, onların əməyi dövlət başçısı tərəfindən öz layiqli qiymətini almışdır. Müəllimə böyük qayğı ilə yanaşı ölkədə insan kapitalının inkişafına yönəlmiş çox saylı layihələr həyata keçirilir.
Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva müəllim haqqında demişdir: ”Müəllimlik olduqca hörmətli peşədir. Gənc nəslin yetişməsi məhz sizdən, sizin yüksək peşəkarlığınızdan asılıdır.” Bəli, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi, vətənini sevən və xalqı üçün hər bir fədakarlığa hazır olan nəslin yetişməsində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəkdir.
Qələbə əzmli əsgər yetişdirən müəllimlərimizi təbrik edirik!
Bayramınız mübarək, əziz müəllimlər!