Ermənistan müzakirələri pozan tərəfdir.
Beynəlxalq aləmdə tanınmış telekanallardan biri olan “Əl-Cəzirə” kanalına ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi müsahibə ermənilərin tarix boyu bəşəriyyətə söylədiyi yalanların ifşası baxımından çox əhəmiyyətlidir. Bu müsahibə xalqımızın yüz illərlə ürəyində gəzdirdiyi fikirlərin dünya ictimaiyyətinə çatdırılması idi.
Müdrik Prezidentimiz təmkinlə, ağılla beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın haqq işini bir daha dünyaya çatdırdı. Biz öz torpaqlarımızda müharibə aparırıq. Bu torpaqlar 30 il bundan qabaq erməni vandallarının zorakılığı ilə işğal olunmuş, dinc əhaliyə qocalara, qadınlara, uşaqlara aman verilməmişdi. Xocalıda insanlığa utanc olan soyqırım törədilmişdi.
Ermənistanın münaqişənin həllində qeyri-konstruktiv mövqeyi onun beynəlxalq hüquqa əhəmiyyət vermədiyini bir daha nümayiş etdirir. Danışıqlar prosesini pozmağa çalışmaqla Ermənistan bu prosesdən yayınmağa cəhd edir. Bu ilin iyulunda Ermənistanın Tovuz rayonu istiqamətində Azərbaycanın sərhədyanı bölgələrini, dinc əhalini və yaşayış məntəqələrini intensiv atəşə tutması bir daha göstərir ki, Ermənistan danışlar yolu ilə münaqişənin həll edilməsində maraqlı deyil və status-kvonun saxlanılmasına çalışır. Status-kvonun saxlanılması isə indiki şəraitdə mümkün deyil. Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi artıq o deməkdir ki, işğalçı ilə danışıqların aparılması mənasızdır. Azərbaycanın öz torpaqlarının azad edilməsi üçün alternativ yola – müharibəyə əl atması artıq tarixi zərurətə çevrilmişdir. Azərbaycan öz tarixi torpaqları uğrunda mübarizə aparır. Bu Azərbaycanın haqq işidir. Ölkəmizin haqlı mövqeyi bütün beynəlxalq birlik tərəfindən qəbul edilir. Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Hərbi əməliyyatlara başlayan Azərbaycan tərəfi olmayıb. Azərbaycan özünü müdafiə etməli idi. Əgər Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı.
Cənab Prezident öz çıxışında dəfələrlə qeyd edir ki, döyüşlər zamanı mülki əhaliyə heç bir zərər verilməsin.
Bu gün ermənilər, Ermənistanın hərbi-siyası rəhbərliyi, onu müdafiə edən beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr tarix qarşısında utanmalıdırlar.
Ölkə Prezidentinin dediyi kimi bizim işimiz haqq işidir, biz qalib gələcəyik.
Allah ordumuza, xalqımıza Prezidentimizə yar olsun.
Usubov İsmayıl,
18 nömrəli tam orta məktəbin direktoru