Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan: Onlar ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq

06 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində jurnalistin Ermənistan və Azərbaycan arasındakı münaqişənin hansı səbəbdən bu qədər uzun sürməsi, sülhə nail olunmamsı ilə bağlı sualına cavabı belə olmuşdur: Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı.
    Müsahibədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və kağız üzərində qalaraq icra olunmayan qətnamələrə toxunan ölkə başçısı jurnalistin iqqətə çatdırıb ki, 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır - deyən cənab İlham Əliyev vurğulayıb ki,  bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir.
   Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından ölkəmizin çox geniş dəstəyi olduğunu bildirən cənab İlham Əliyev diqqətə çatdırıb ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir.
   Müsahibədə Ermənistanın müzakirələri pozan tərəf olduğunu xüsusi vurğulayan cənab İlham Əliyev qeyd edib ki, əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Sentyabrın 27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir.
   Cənab İlham Əliyev bir daha diqqətə çatdırıb ki, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi.
Bizim mövqeyimiz dəyişməz olaraq qalır – deyən cənab Prezident bildirib ki, mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır.
   Danışıqlar prosesinə toxunan ölkə başçısı vurğulayıb ki, əslində, danışıqlar dayanıb. Çünki onun “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq olar ki?
   Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunmasının növbəti təxribat olduğunu müsahibədə diqqətə çatdıran cənab Prezident bildirib ki, o, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı.
   Müsahibədə bir neçə gün bundan əvvəl Ermənistan xalqına etdiyi müraciətə toxunan cənab İlham Əliyev qeyd edib ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq.
   Minsk qrupu həmsədrlərinin fəaliyyətinə toxunan ölkə başçısı qeyd edib ki, bu prosesdə iştirak etdiyim 17 il ərzində Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir. Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək.
   Atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarına münasibət bildirən cənab İlham Əliyev bildirib ki, dünən onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı təmin etsinlər.
   Atəşkəsin şərtlərini müsahibədə ölkə başçısı bir daha bəyan edib: Onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu ilə geri qayıtması lazımdır.
Münaqişənin regional münaqişəyə çevrilməsi ehtimalına münasibət bildirən cənab İlham Əliyev bildirib ki, zənnimcə, bunun üçün əsas yoxdur və biz bu münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region ölkələrinin maraqlarına xidmət edir.
   Türkiyənin bu münaqişəyə hərbi nöqteyi-nəzərdən cəlb olunmasına dair Ermənistanın iddialarının  yalan olduğunu vurğulayan cənab İlham Əliyev bildirib ki, bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb.
  Suriyalı müxalif döyüşçülərin Azərbaycana gətirilməsi barədə  Ermənistanın böhtan xarakterli bəyabatlarına münasibət bildirən dövlətimizin başçısı diqqətə çatdırıb ki, tamamilə feyk xəbərdir. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik. Əksinə Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlı bizdə artıq bəzi kəşfiyyat məlumatları var, internetdə videolar var
  Müsahibədə diplomatiyanın nə vaxtsa işləyə bilərməsi məsələsinə toxunan cənab Prezident bildirib ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal çıxmağa başlasa diplomatiya işləyə bilər.

Barxudar Barxudarov,

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru,
filologiya üzrə fəlsəfə doktoru

Keçidlər