Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan sülh istəmir.

06 oktyabr 2020 | 16:00

Prezident İlham Əliyev 03 oktyabr tarixdə “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədə tutarlı faktlarla Ermənistanın Azərbaycan torpaqlarını həmişəlik işğal altında saxlamaq istəyini, status-kvonun dəyişməsini istəməyərək münaqişənin bu qədər uzun çəkməsinin əsl səbəbkarı olmasını konkret faktlarla diqqətə catdırdı. “Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı” fikrini önə cəkərək, BMT Təhlükəsizlik  Şurasının qəbul etdiyi qətnamələrinin kağız üzərində qaldığını vurğuladı. Bu danılmaz həqiqətdir ki, münaqişənin həlli ücün vasitəçilik aparmaq məqsədilə hətta Minsk qrupunun  28 ildir ki, fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidirsə o biri tərəfdən  təcavüzkara kifayət qədər praktiki təzyiqin olmamasıdır. Burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistanın  Azərbaycana qarşı bir neçə hərbi təxribat törətməsi ilə bu ilin  iyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücuma əl atmışlar. Dövlət başcısının “Azərbaycan tərəfi hər zaman olduğu kimi yenə də bildirir ki, Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur” fikri  ilə Azərbaycanın tələbinin tamamilə beynəlxalq hüquqa müvafiq olmasını bütün dünyanın isə Azərbaycanın ərazi bütövlüyünü tanıması kimi mövcud həqiqətləri bir daha ortaya qoymuş oldu. Bəli, dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Odur ki, işğalçılar  ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.
        Bütün bunlar problemin mahiyyətinin təhlilində Ermənistanın işğalçı tərəf kimi sülhə maneə törətdiyinin alternativsiz sübutları kimi qiymətləndirilməlidir.  Paşinyanın isə “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmamış bu bəyanatdan sonra Prezident İlham Əliyev Ermənistanın baş naziri ilə görüşünü xatırladaraq bu  görüşlərin tamamilə mənasız və formal xarakter daşıdığını, işğalçının əraziləri geri qaytarmayacaqları fikrində israrlı olmasının münaqişənin kəskinləşməsinə səbəb olması xronologiyasını əhatəli şəkildə izah etdi.
     Ermənistan hökumətinin növbəti təxribatı isə  Azərbaycanın “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğuna təhrik, Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması qondarma “Dağlıq Qarabağın parlamenti”nin Xankəndidən Şuşaya köçürülməsi qərarı kimi özbaşınalıqlar əslində sülh istiqamətində bütün cəhdləri iflasa uğratmışdır. Prezident İlham Əliyev dünya ictimaiyyatının diqqətini haqlı olaraq bu məqama yönəltmişdir ki, yenidən hərbi əməliyyatlara başlayan Ermənistan terrorçularına  Azərbaycan bu dəfə etdiyi kimi cavab verməsəydi, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki olacaqdı. Hələ də itkilərimiz çoxdur. Çoxsaylı mülki vətəndaşlarımız və dağıtılarımız vardır. Bu gün azərbaycanlılar öz tarixi ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır. BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqətlərlə yanaşı bir həqiqətə da aydınlıq gətirmişdir ki, “Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Türkiyə qardaş ölkədir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu dəstəyi hiss edirik. Türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq”. Dövlət başçımız Ermənistanın bu sahədəki yalan informasiyalarını və Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi dezinformasiyalarını faktlarla  diqqətə çatdırmış, onların Su-25 təyyarəsinin qəzaya uğradığını bildirmişdir.
   Beləliklə, Ermənistanın Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq münaqişədə  məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıtması müsahibədə  Ali Baş Komandan İlham Əliyev tərəfindən tam əsaslı olaraq izah edilmiş, sülhə nail olmaq üçün yeganə şərtin- Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, bütün dünyanın  Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanınmasının ümumxalq mübarizəsinə əsas olduğu kimi mövqeyi “Qarabağ Azərbaycandır!” fikrinin yenilməzliyini sübut edir.

Aynur Fərzəliyeva,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru

Keçidlər