Şriftin ölçüsü :

Saytın rəngi :

Biz Azərbaycanın ən şərəfli tarixini yaşayırıq, tarix yazırıq.

06 oktyabr 2020 | 16:00

“Bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır. Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində – 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa müraciətində səsləndirib.
Oktyabr 4-də xalqa müraciəti zamanı Prezident İlham Əliyev “Azərbaycanın ən şərəfli tarixini yaşayırıq” dedi. Əlbəttə, ən şərəfli tarixini yaşayırıq. 27 il ərzində bütün dünyanın naqisliyini görərək, anlayaraq və qəbul etməyərək öz müqəddəs torpaqlarını azad etmək üçün ayağa qalxmış bir qürurlu millət kimi tarix yazır. Bəlkə də heç bir millətin tarixində öz vətənini azad etmək uğrunda bu qədər birlik və ruh yüksəkliyi olmamaşdır. Heç bir maneələrə və qurbanlara baxmayaraq uşaqdan böyüyə hər kəs ancaq İRƏLİ deyir. Çünki bizim artıq geriyə yolumuz yoxdur. Bunu Azərbaycanın hər bir fərdi anlamışdır.  Bu 27 il ərzində Biz artıq böyük təcrübə qazandıq. Biz artıq beynəlxalq birlikdən ədalət gözləyən sadəlövh millət deyilik. Öz taleyimizi özümüz həll edəcəyik. Bizim artıq heç bir Həmsədrə ehtiyacımız yoxdur. Artıq bu bizim indi daxili işimizdir. Əgər özümüz həll ediriksə, heç bir vasitəçiyə də ehtiyac yoxdur.
   Hər kəs döyüşə atılmağa hazırdır. Demək biz artıq bir vahid millətik. Biz özümüzün bütün özünütənqidlərinə baxmayaraq torpaqlarımızda vahid millət, vahid iradəyə çevrilmişik. Bu savaş bizi millət kimi dünyanın ən qururlu millətləri sırasına daxil edəcəkdir. Vətəni üçün həyatını göz qırpmadan fəda edən bu gənclər və onların arxasında duran bu millət “Böyük tarix” yazır. Bu tarixçilərin, siyasətçilərin, mütəxəssislərin yeni tədqiqat mövzusuna çevriləcəkdir. Artıq Azərbaycan fenomeni öyrəniləcək.
   İndi Azərbaycan Ordusu ən müasir səviyyədə döyüş aparır. Hələ ki, sadəcə qardaş Türkiyə və Azərbaycan bu cür müharibə aparmaq qabiliyyətindədir. Baxın, İraqda, Əfqanıstanda və ya Suriyada aparılan müharibələrdə dünyanın ən inkişaf etmiş, ən müasir silahlarına məxsus ölkələr bütöv şəhərləri xarabaya qoyaraq, yüz minlərlə mülki əhalini məhv edərək xarabalıqların üzərindən üstünlük qazanmışdır. İndi Azərbaycan Ordusu  müasir texnologiya əsasında mülki obyektlərə toxunmadan tarixdə yeni ad qazanacaq döyüş aparır. Onun müasir silahları artıq son yüz ildə sahədə dominant mövqe tutan düşmənin tankları və zirehli texnikalarını döyüş sahəsində əhəmiyyətsiz hala salmışdır. Bu hərb tarixi üçün də yeni açılımdır və yeni eranın başlanğıcıdır. Necə ki, I Dünya müharibəsi pulemyotlar və kiçik təyyarələrin hərb tarixi üçün yeni era açması ilə fərqləndi, indiki dönəmdə də Azərbaycan İHA və SİHA-larla yeni müasir hərb metodlarını hərbi əməliyyatların ana xəttinə çevirdi. Biz bununla fəxr etməliyik və Azərbaycan ordusu ilə fəxr etməliyik. Cənab Prezidentin dediyi kimi; “Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq.    Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!"


Paşa Nəbiyev,
YAP Şirvan şəhər təşkilatının sədr əvəzi

Keçidlər