Şriftin ölçüsü :

Saytın rəngi :

"Humanitar atəşkəs Ermənistanın sonuncu şansıdır"

12 oktyabr 2020 | 16:00

Ermənistanın 27 sentyabrda törətdiyi hərbi təxribata qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı Silahlı Qüvvələrimizin, eyni zamanda dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
Biz bir daha Ermənistandan nə qədər güclü olduğumuzu, torpaqlarımızı azad etməyə qadir dövlət olduğumuzu sübut edə bildik. Lakin düşünürəm ki, ən böyük nailiyyətlərimizdən biri həm də mənəvi-psixoloji müstəvidə əldə etdiyimiz uğurdur. Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, vətəndaşlarımızın qələbəyə inamı, əzmi, dövlətimizə və cənab Prezidentə dərin etimadı bu qələbəni şərtləndirən əsas amillər sırasındadır. Eyni zamanda, hərbi əməliyyatlar Ermənistan ordusuna da ciddi mənəvi-psixoloji zərbə oldu.
   Rusiyanın təşəbbüsü ilə oktyabrın 9-da Moskvada Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirləri arasında keçirilən son dərəcə gərgin görüşün yekununda humanitar atəşkəslə bağlı bəyanat qəbul edildi.
   Azərbaycan öz sülhpərvər mövqeyini bir daha ortaya qoydu, cəbhədə mütləq hərbi və psixoloji üstünlüyə malik ola-ola beynəlxalq təşkilatların, bir sıra dövlətlərin çağırışı, xüsusilə qonşu Rusiyanın təkidi və Ermənistanın yalvarışları ilə atəşkəsə “hə” dedi.
   Heç bir saat keçməmiş erməni tərəfi atəşkəsi pozdu, elə həmin gün ermənilər Azərbaycan ordusunun Hadrut, Suqovuşan və Cəbrayıl istiqamətlərindəki döyüş mövqelərinə yeni hücumlar etdilər və gecə saat 02:00 radələrində Gəncə şəhərinin yaşayış binalarını vəhşicəsinə raket atəşinə tutdular.
   Maraqlıdır, “atəşkəs” deyib yalvaran erməni bəs indi niyə atəşkəsə əməl etmir? Məsələ ondadır ki, erməniyə atəşkəs lazım deyildi, ermənilər gözləyirdi ki, Azərbaycan bu atəşkəsə “yox” deyəcək və onlar da Azərbaycanın beynəlxalq imicinə “antihumanist ölkə” çamuru atmaq fürsəti qazanacaqlar. Lakin ermənilərin niyyəti baş tutmadı.
   O ki qaldı Azərbaycanın “humanitar atəşkəsə” “hə” deməklə qazanacağı beynəlxalq siyasi dividentə, ermənilər bundan qətiyyən narahat deyillər. Çünki bilirlər ki, 30 il ərzində Azərbaycanın haqq səsini eşitməyən, Azərbaycan həqiqətlərinə lal, kar və kor olan ermənipərəst Qərb, o cümlədən BMT, ATƏT kimi təşkilatlar bu dəfə də Azərbaycanın bu sülhpərvər addımına laqeyd qalacaqlar.
    Ümumiyyətlə, Qarabağ məsələsinin həllinə qısaca nəzər salsaq, üç əsas mərhələdən keçir. Uzun illər öncə ulu öndər Heydər Əliyev Qarabağ problemi ilə bağlı görüşlərdə xəritədən istifadə edərək dünyaya Dağlıq Qarabağın harda yerləşdiyini sübut edirdi. Birinci mərhələdə biz dünyaya anlatdıq ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisində yerləşir. Bundan sonra isə dünya dövlətlərinin, təşkilatlarının razılığını aldıq ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq hüquq normalarına riayət etməklə, ATƏT-in Minsk qrupunun münasibətini axıra qədər səbrlə izlədik. Ermənistanda zorla çeviriliş yoluyla hakimiyyətə gələn Paşinyandan sonra, danışıqlara, məsələnin müzakirələr və sülh yoluyla həll edilməsinə olan ümidlər yox oldu. Onlar dəfələrlə atəşkəsi, təmas xəttini pozdular. Nəhayət, cənab Prezident bəyan etdi ki, baş verənlər Ermənistanın günahıdır. Sonra isə,bütün dünyaya bu problemin həllinin sülh yox yalnız müharibə ilə həllinin mümkünlüyü və Azərbaycanın öz torpaqlarını azad etmək iqtidarında olduğunu sübut etdi. Sadəcə insan itkisinə yol verməmək üçün biz həmişə müharibədən uzaq durmuşuq. İllər ərzində dəfələrlə onlar tərəfindən atəşkəs pozulduğu, şəhidlərimizin olduğu vəziyyətdə səbrlə vəziyyətin düzəlməsini gözlədik.
   Nikol Paşinyan kimi psixoloji vəziyyəti yaxşı olmayan, qərəzli münasibət bəsləyən, Şuşada rəqs edib parlamenti ora köçürməyə cəhd edən bir insanla necə danışmaq olar? Bütün bunlar bizim səbr kasamızı doldurdu. Minsk qrupunun danışıq tövsiyəsini həyata keçirməyə başladıq. Amma danışığın forması bəlli oldu. Onlar anladı ki, Azərbaycan danışığın hər iki formasını bilir. Otuz ildir sülhlə, on gündür ki, hərbi yolla gedirik. Əgər atəşkəs rejimi elan olunmasa idi, biz bir həftə ərzində Xankəndində olacaqdıq. Yenə də hər şey bitməyib. Dünya üstümüzə gəlir, Fransa prezidenti iki dəfə zəng edib, Amerikada narahatlıq var. Bu yükü üzərimizdən götürmək üçün bir addım atdıq, Ermənistana sonuncu şansı verdik. Əgər erməni başçı gənclərini məhv etmək istəmirsə, əl çəksin, torpaqlarımızı tərk etsin! Əgər deyilənlərə əməl etməsə, Azərbaycan ordusu, rəhbərliyi və xalqı, beynəlxalq təşkilatlara “siz bacarmadınız, biz torpaqlarımızı azad edəcəyik” deyib, hərəkətə keçəcək. Biz artıq danışıqlarda bizə nə təklif ediləcək yox, biz nə güzəşt edəcəyik düşüncəsi ilə hərəkət edəcəyik. Azərbaycan tərəfini qane etməyən, sərf etməyən heç bir şeyi qəbul etməyəcəyik. Torpaqlarımız işğaldan azad olunmalıdır, bu cənab Prezidentin dediyi qətiyyətli ifadədir. Görək cavabdehliyi öz üstünə götürən Moskva nə addım atacaq?! Qısa zamanda bizə hamısı məlum olacaq. Ona görə də hesab edirəm ki, əgər atəşkəsə riayət olunacaq və bizim irəli sürdüyümüz şərtlərə əməl edilib torpaqlarımız azad olunacaqsa, təbii ki, qan tökməyin əleyhinəyik. Hər nə qədər vətən sevgisi olsada, övladının şəhid olması ürəyini dağlayan analar, ailələr üçün bu doğru bir addım olar.
Humanitar atəşkəs Ermənistanın indiki vəziyyətdə sonuncu şansıdır. İşğalçı ölkə bu şansı doğru dəyərləndirməli və münaqişənin həlli üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Ələşrəf Hacıyev,
Şirvan Peşə Liseyinin direktor əvəzi

Keçidlər