Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.
Sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlandı. Bu dəfə də işğalçı tərəf növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Azərbaycan vəziyyətə uyğun adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başladı. Qısa müddət ərzində düşmən mövqeləri darmadağın edildi, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri, həmçinin bəzi yüksəkliklər, habelə Suqovu¬şan işğalçılardan təmizləndi. Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur.
Son 17 ildə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komanda¬nı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə, eləcə də müstəqilliyimizin, suverenliyimizin qaran¬tı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, mad¬di-texniki təchizatının yaxşılaşdırılması yönündə önəmli addımlar atıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Dövlətimizin başçısı Azərbaycan Or¬dusunun güc-qüdrətinin indiki səviyyəyə çatmasının təsadüfi olmadığını da xüsusi vurğulayıb: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir stan¬dartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”. Azərbaycan Ordusu Aprel döyüşlərində, 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatında olduğu kimi, indiki əks-hücumda da yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar. Bu gün hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına, ordumuzun gücünə güvənir.
Ermənistan və ona havadarlıq edən qüvvələr də ordumuzun gücünü və qüdrətini artıq yaxşı bilir. Düşmən aydın şəkildə başa düşür ki, müasir Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqla¬rımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır.
Belə bir orduya sahib olan Azərbaycan rəhbəri möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edib ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək. Artıq xalqımız o günü yaşayır. Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilir, düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələri yazılır. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. Hamı inanır, əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaq¬larımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Heç bir gücə, heç bir məntiqə əsaslanmayan bəyanatlar verən, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqı¬nın səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq. “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Nikol Paşinyan və onun hakimiyyəti hazırda döyüş meydanından qaçaraq beynəlxalq ictimaiyyətdən yardım dilənir. Lakin artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da Nikol Paşinyanın və hakimiyyətinin yalanlarından beziblər.
Azərbaycanın apardığı mübarizə cənab Prezidentimizin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz xalqımızdır, Azərbaycandır. Bu gün güclü iqtisadi imkanlara, möhkəm beynəlxalq mövqeyə, qüdrətli orduya malik Azərbaycan tarixi ədaləti bərpa etmək əzmindədir. Düşmən isə hər zaman olduğu kimi, yanlış informasiyalar yaymaqla, əhalisini aldatmaqla, itkilərini gizlətməklə məşğuldur.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə mövqeyi, iradəsi hər kəsə bəllidir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, münaqişə birmənalı olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalı, düşmən işğal etdiyi bütün torpaqlardan çıxarılmalıdır. Bu mövqe tam şəkildə xalqın maraqlarını ifadə edir.
Azərbaycan hökuməti hər zaman olduğu kimi, bu gün də vətəndaşlarına arxalanır: hadisələrin gedişatı ilə bağlı xalqa daim rəsmi məlumat verilir, ordumuzun nailiyyətləri dərhal xalqın diqqətinə çatdırılır. Bu, bir daha sübut edir ki, xalq öz ordusuna etibar edir və onun ordu ilə birliyi sarsılmazdır. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərini tərk etməməsi Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir. Bu gün Azərbaycan bütün dünyaya güclü dövlət və güclü ordusunun olduğunu nümayiş etdirir.
Azər Quliyev,
Gənclər və İdman İdarəsinin rəisi