Şriftin ölçüsü :

Saytın rəngi :

Artıq vaxtdır ki, Azərbaycan öz ədalətini özü bərqərar etsin .

14 oktyabr 2020 | 16:00

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi olan Qarabağı silah zoruyla ələ keçirmələrinin üstündən artıq bir igidin ömrü qədər vaxt keçir.Bu illər ərzində Vətən həsrətimiz artıqca, vətənpərvərlik ruhumuz daha da böyümüşdür. Elə bir Azərbaycan övladı yoxdur ki, Qarabağı və Qarabağda Erməni mənfurlarının etdiklərini göz yaşıyla xatırlamasın.Bu illər ərzində Vətənimizin bir parçası olan Qarabağ üçün mübarizəmiz hər zaman davam etmişdir. Lakin Azərbaycan Ermənistanın əksinə hər zaman humanist bir yanaşma tərzi seçərək hər zaman haqqımız olan torpaqlarımızı silah gücü olmadan danışıqla almağa cəhd göstərmişdir. Bu da bizim ölkənin humanist yanaşmasından irəli gəlir, ancaq illərdir aparılmağa çalışılan danışıqlar heç bir fayda verməmiş vəhşi və hiyləgər düşmən öz haqsızlığından vaz keçməmişdir. Hətta bu müddət ərzində tez-tez atəşkəs rejimini pozaraq dinc Azərbaycan əhalisinə zərər verməyə çalışmışlar. Yenə də öz yağı düşmənlərinin mövqeyindən baxmamağa çalışan Azərbaycan dövləti məsələni sülh yoluyla həll etməyə cəhd göstərmiş və danışıqlar aparmağa davam etmişdir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışında “Qarabağ Ermənistandır” sözlərindən sonra artıq öz haqqımız olan torpaqlarımızı silah yoluyla geri qaytarmaqdan başqa çarə qalmadığı məlum olmuşdur. Belə ki , sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin kobud şəkildə Azərbaycan sərhədlərini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələri Qarabağı geri qaytarmaq üçün öz hərbi əməliyyatına başlamışdır. Vətən həsrətiylə yanıb alışan Azərbaycan xalqı isə öz Prezidentinə dəstək olaraq torpaqlarımızın geri qaytarılması üçün əlindən gələni etmək istəyir. Kimi silahıyla,kimi qələmiylə,kimi də dualarıyla. Hər bir Azərbaycanlı tək ürək olub işğal altında olan Qarabağımız üçün çırpınır. Müharibə əsnasında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın heç bir dinc sakininə zərər verməyərək öz humanitar mövqeyini yenə də göstərərkən,qorxaq və mənfur düşmən yenə də çarəyi dinc Azərbaycan əhalisinə hücum etməkdə görmüşdür. Azərbaycan Respublikasına nisbətən daha zəif iqdisadiyyata və daha az əhaliyə sahib olan Ermənistan müharibəni qazanmaq üçün xarici ölkələrdən kömək istəyir və ölkəmiz əleyhinə qara təbliğat apararaq, hər zamanki kimi yenə də çıxışı namərdlikdə görür. Bir sıra ölkələrin mətbuatları da qara təbliğatda onlara kömək olaraq Azərbaycanı dünya əhalisinə günahkar tərəf kimi göstərməyə çalışır. Azərbaycanın Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev 12 oktyabr 2020-ci ildə Türkiyənin “Haber Qlobal” kanalına verdiyi müsahibəsində bu mövzuya toxunaraq qeyd etmişdir : “Əlbəttə,biz qara təbliğatla uzun illərdir ki,üzləşirik. Bunun bir neçə səbəbi var,onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir.Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir. Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları,dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır. Bunun nəticəsidir ki,bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır” .
   Ermənistan öz sosial əlaqələri və arxasında dayanan havadarları sayəsində illərdir ki, haqqları olmayan torpaqda yaşayır,onu işğal altında saxlayırlar. Minlərlə Azərbaycanlı “qaçqın” statusu daşıyaraq Qarabağın, öz doğma yurdlarının həsrətini çəkirlər. Artıq vaxtdır ki, Azərbaycan öz ədalətini özü bərqərar etsin,torpaqlarımızın geri qaytarılmasında tək ürək olaraq hər bir fədakarlığa hazırıq və bu haqq mübarizəsində Prezidentimiz,Ali Baş Komandanımız cənab İlham Əliyevin arxasındayıq .

Namidə Namini,
Şirvan şəhər Mədəniyyət Mərkəzinin direktoru

Keçidlər