Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev: “Biz o yerlərdə şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq”

14 oktyabr 2020 | 16:00

Ermənistan 30 ilə yaxındır işğal siyasətini davam etdirir. Lakin bu müddət ərzində aparılan danışıqlarda erməni tərəfi daim qeyri-kostruktiv mövqedən çıxış edib, danışıqlar prosesini pozmaq üçün əlindən gələni əsirgəməyib. Beynəlxalq ictimaiyyət isə buna biganə yanaşıb. 30 ildə Azərbaycanlıların sülh istəyi Ermənistan rəhbərliyi tərəfindən laqeydliklə qarşılanıb. Erməni hakimiyyəti bizim xüsusi mənəvi bağlılığımız olan Şuşanı qondarma ölkənin paytaxtı elan edib. Şuşada inauqurasiya mərasimi keçirib. Cəmi iki il əvvəl hakimiyyətə sülh ritorikası ilə gələn, beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq üçün Azərbaycanla sülh şəraitində yaşamaq istədiyini hər müsahibəsində, çıxışında təkrarlayan Ermənistan Baş naziri Nikol Paşinyan qısa müddətdə ölkədə öz populyarlğını itirdikdən sonra özünə xal yığmaq, reytinqini qaldırmaq məqsədilə müharibə ritorikasına keçdi, həyat yoldaşı Anna Akopyan belə, əlinə silah alıb, savaş dili ilə danışmağa başladı. Özündən əvvəlki Ermənistan rəhbərlərinin heç birinin cürət etmədiyini elədi, Qarabağda paytaxtı Şuşaya köçürüb, orda şadyanalıq düzəltdi. Onilliklərdir ki, yurdundan uzaq düşmüş, vətənini qoyub gəlmiş insanların faciəsi üzərində toy-bayram mərasimi düzəltməklə bütün mənəvi sərhədləri keçdi.
   Ermənistan, özlərinin dediyi kimi, “yeni torpaqlar uğrunda yeni müharibəyə” başlamağa qərar verdi. Sentyabrın 27-də bu addımı atmaq niyyəti onlara baha başa gəldi.
   Şanlı ordumuz əks–hücum əməliyyatına başlayaraq düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında qalan bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad edib. İllərdir ki, bu günü gözləyən Azərbaycan xalqı Ordumuzun qazandığı uğurlara görə böyük sevinc hissləri keçirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz haqq-ədalət tərəfindəyik.  Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq!”. Bəli, haqq davasında qələbə gec-tez haqlı tərəfin olur. Bu davada haqlı olan bizik! 30 ildir ki, bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın Dağlıq Qarabağa qayıtmaq ümidi ilə yaşayır. Hər gün cəbhədən gələn qələbə soraqlı xəbərlər hamıdan əvvəl yurd-yuvasından, dədə-baba torpaqlarından didərgin düşmüş məcburi köçkünləri daha çox sevindirir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində hər qələbəsi onların doğma yurda qayıdacaqları günü yaxınlaşdırır. "Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar." Bu sözləri ölkə başçısı oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində qeyd edib. Həmçinin bildirib ki, "Ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər.  Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və indi orada insanlar yaşayırlar."
   Ölkə başçısı oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində məcburi köçkünlərin problemlərinin onun üçün böyük önəm daşıdığını da vurğulayıb:
   “Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 min ailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər birinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlar hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey yaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və gedəcəklər. Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”.
Heç vaxt qələbəyə bu qədər yaxın olmamışıq. Azərbaycan Ordusu tarixi missiyasını rəşadətlə yerinə yetirir. Yaxın vaxtlarda Cocuq Mərcanlı kimi bütün yaşayış məskənləri də yenidən qurulacaq və oraların əsl sahibləri geri dönəcəklər. Cənab İlham Əliyevin bəyan etdiyi kimi: "Nəyi, nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm!”
   Dövlət rəhbərinin bu sözlərini bu günədək aparılan siyasət, atılan addımların qazandırdığı nəticələr sübuta yetirir. Bizim isə missiyamız xalq olaraq daim dövlətimizin, Prezidentimizin yanında olmaq, milli həmrəyliyimizi qorumaq, obyektiv həqiqətlərimizi düzgün şəkildə cəmiyyətə və dünyaya çatdırmaq, informasiya müharibəsində də Azərbaycanın üstünlüyünü təmin etməkdir.
   Zəfərlərin bol olsun, Azərbaycan Ordusu!

Aynur Fərzəliyeva,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru

Keçidlər