Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik və sülh gətirir.

17 oktyabr 2020 | 16:00

“Qardaş Türkiyə bizə mənəvi dəstək verir”. Ali Baş Komandan İlham Əliyev bu sözləri Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibəsində bir daha bəyan etdi. Qardaş Türkiyənin ölkəmizə göstərdiyi qəti və açıq siyasi-mənəvi dəstəyindən, xüsusən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın son günlərdəki “Azərbaycanı Türkiyə olaraq bütün varlığımızla müdafiə edib, yanında olacağıq” bəyanatından sonra beynəlxalq media orqanlarında, ilk növbədə, vasitəçi ölkələrin informasiya məkanında baş verən rəzalət və hədyanlar, bəzilərində isə suverenliyimizə açıq hədələr acı təəssüf doğurur. 30 ilə yaxındır ki, işğalçı Ermənistan danışıqlarda yalnız imitasiya ilə məşğul olub. Bu, bir həqiqətdir. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi - Rusiya, ABŞ və Fransa kimi dünyanı idarə edən vasitəçilər Ermənistan kimi kiçik bir ölkəni BMT-nin məlum dörd qətnaməsinə əməl etməyə, haqqa, hüquqa hörmət göstərməyə məcbur edə bilməyiblər.
Dövlət başçısı deyib ki, bunun da səbəbləri kifayət qədər çoxşaxəlidir: “Ona görə bizim əsas işimiz ondan ibarət idi ki, bu məsələni çözək, tarixi ədaləti bərpa edək, öz torpaq bütövlüyümüzü bərpa edək. Bunu etmək üçün bizdə kifayət qədər güc var. Əlbəttə, ilk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi birmənalı açıqlamalar, eyni zamanda digər yüksək vəzifəli şəxslərin açıqlamaları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda bütün dünyaya göstərdi ki, Türkiyə hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycana mənəvi dəstək göstərir. Bu mənada bütün maraqlı qüvvələr bir daha gördülər ki, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır".
    Türkiyə Azərbaycana strateji tərəfdaş və qardaş ölkə olsa da, hazırda Qarabağın işğaldan azad olunması prosesində iştirakçı qismində çıxış etmir. Bu cür saxta xəbərləri ortaya atan Paşinyan çalışır ki, müharibəyə üçüncü tərəfləri cəlb etsin. Ermənistanın baş naziri ölkəsinin işğalçılıq siyasətinin ifşa olunduğunu da anlayır, lakin maksimum səy göstərir ki, Rusiya, KTMT faktorlarından Azərbaycana qarşı istifadə etsin. Paşinyan Türkiyə amilini həm də erməni ictimai rəyinə sırımağa çalışır. Çünki Azərbaycanın Qarabağda əks-hücuma keçməsinin ədalətli olduğunu yaxşı başa düşür və anlayır ki, Azərbaycan qısa zamanda torpaqlarını işğaldan azad edəcək, rəsmi Yerevan isə təslim olmağa məcbur olacaq. Ona görə də, indidən məğlub olmuş ölkənin baş naziri hakimiyyətini qoruyub saxlamaq üçün zəmin formalaşdırır ki, guya o, təkbaşına Azərbaycan və Türkiyəyə qarşı vuruşub. Lakin həm erməni xalqı, həm də dünya ictimaiyyəti açıq şəkildə görür ki, Azərbaycan Qarabağı təkbaşına azad edir. Paşinyan isə bu cür siyasi-hərbi manipulyasiyalarla, əslində, məğlubiyyətdən sonra hakimiyyətdə qalmaq imkanlarını formalaşdırır.
    ATƏT-in Minsk qrupunun üzvü kimi etimadını itirmiş Fransanı qardaş Türkiyə əvəzləməlidir. Rəsmi Paris Dağlıq Qarabağ münaqişəsinin həllində tənzimləyici rolunu almış ATƏT-in Minsk qrupunun üzvü kimi deyil, mülki əhaliyə qarşı terror həyata keçirən Ermənistana açıq şəkildə dəstək verir. Guya Türkiyə Azərbaycan tərəfdən Qarabağda savaşmaq üçün Suriyadan muzdlular gətirir kimi cəfəng bəyanatlarla da çıxış etdi. Lakin artıq sübut olundu ki, Ermənistan muzdlu terrorçulardan istifadə edir. Bu barədə videolar, fotolar, beynəlxalq media qurumlarında informasiyalar dərc olunub. Bununla da Türkiyəyə iftira atan Fransa da Ermənistan kimi biabır oldu, etimadını itirdi. Düşünürəm ki, qısa zamanda Azərbaycan Ordusu tarixi ədaləti bərpa edəcək və işğal olunmuş torpaqlarımızın azad olunmasından sonra sülh prosesi başlayanda əgər yenidən ATƏT-in Minsk qrupu nizamlayıcı qismində çıxış edərsə, o zaman Fransa qardaş Türkiyə ilə əvəzlənməlidir. Azərbaycan-Türkiyə münasibətlərində əməkdaşlıq dünya ölkələri üçün istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərin qurulması baxımından örnəkdir. Böyük Qələbəyə az qaldı. Çox az. Qarabağ Azərbaycandır!

Ramil Tağıyev,
Təhsil RİM Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinın direktoru

Keçidlər