Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir.

16 oktyabr 2020 | 16:00

İşğalçı Ermənistan özünün təcavüzkar xislətini hər addımda nümayiş etdirir. Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan erməni tərəfi beynəlxalq cinayət törədərək, mülki insanları qətlə yetirir, yaşayış məntəqələrini dağıntılara məruz qoyur. Halbuki, Moskvada tərəflər arasında humanitar atəşkəs haqqında razılığa gəlinmişdi. Amma Ermənistan anındaca həmin razılığı pozdu.
  Prezident İlham Əliyev bu günlərdə “Haber Türk” televiziya kanalına verdiyi müsahibədə mövcud vəziyyətlə bağlı fikirlərini söyləyib, reallıqları həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə çatdırıb.
   İşğalçı Ermənistanın mülki insanları hədəfə alması nəinki dayanmayıb, əksinə, davam edir. Dünən Tərtərdə qəbiristanlığın atəşə tutulması nəticəsində yenə də mülki şəxslər həlak olub və yaralanıb. Bu fakt onu göstərir ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi mənəvi və əxlaqi dəyərlərdən uzaqdır, onlar faşistdirlər.
   Ermənilərin bu cür qeyri-insani hərəkətlərinə baxmayaraq, əhalinin qorxmadığını və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sona qədər mübarizə aparacaq. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev xarici televiziya kanallarına müsahibələrində öz qətiyyətli mövqeyini bir daha beynəlxalq birliyin diqqətinə çatdırıb. Qeyd etdiyim kimi, işğalçı Ermənistan tərəfindən Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşması faktiki olaraq pozulub. Dövlətimizin başçısı qeyd etdiyi kimi, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Digər tərəfdən isə humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılaşmasından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdi, Gəncə şəhərini isə raket atəşinə tutdu. Təbii ki, Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi və verməkdədir. İşğalçı Ermənistanın cinayətləri cavabsız qalmır. Ordumuz doğma torpaqlarımızın işğaldan azadetmə missiyasını uğurla davam etdirir. Bütün bunların nəticəsində Ermənistan hakimiyyəti, baş nazir Paşinyan çaşqın vəziyyətdədir .
   Türkiyənin münaqişənin həllindəki roluna gəlincə, Türkiyə güclü dövlət kimi bölgədə söz sahibidir. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, Türkiyə bir çox ölkələrdən fərqli olaraq, bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Azərbaycan xalqı bu dəstəyə görə Türkiyəyə minnətdardır.
  Əminəm ki, düşmən işğaı altında qalan ərazilərimiz də tezliklə azad ediləcəkdir. Həmin torpaqlarda da böyük quruculuq işləri həyata keçiriləcək və insanlar öz doğma yurdlarında xoşbəxt yaşayacaqlar. Buna heç bir şübhə yoxdur.

Yahyayeva Fəridə,
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi

Keçidlər