Azərbaycan xalqının iradəsi sarsılmazdır.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalçı təcavüzünə birdəfəlik son qoymaq, işğal altında olan dogma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyevin əmrinə səfərbər olan müzəffər Ordumuz düşmənə tarixi dərs verdi. Bu müharibə tarixi ədalət uğrunda aparılan haqq mübarizəsidir. İllərdir qəlbi dogma torpaq həsrəti ilə çırpınan vətəndaşlarımızın dogma yurda qayıdış müjdəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşmənə göz açmağa imkan vermir. Əldə tarixi qələbələr düşməni çıxılmaz vəziyyətlə üz-üzə qoydu. Bütün ümidlərini Rusiyaya, Qərbə bağlayan Ermənistana havadarlarının belə köməyi yetmir. Acı məğlubiyyətə düçar olan Ermənistan bu düşmüş olduğu rəzalətin əvəzini mülki əhalini, yaşayış məskənlərini, dinc əhalini atəşə tutmaqla çıxmağa çalışır. Düşmənin Gəncədə, Tərtərdə törətdiyi vəhşiliklər insanlıq adına silinməz bir ləkədir. Azərbaycan öz torpaqları uğrunda müharibə aparır. O torpaqlar ki, bizim tarixi torpaqlarımızdır. Azərbaycan xalqı öz sarsılmaz iradəsini, yenilməzliyini, əyilməzliyini bütün dünyaya nümayiş etdirir. Artıq düşmən də çox yaxşı bilir ki, Azərbaycan 20-30 il öncəki Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”; Bu gün Azərbaycan Ordusunun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Tarixi qələbələrimizin qazanılmasının əsas səbəblərindən biri də məhz bu amildir. Azərbaycan Ordusunun yenilməzliyi, gücü, rəşadəti düşməni lərzəyə salır. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Füzulinin, Cəbrayılın düşmən tapdağından azad edilməsi Şuşanın, Laçının, Kəlbəcərin, Xankəndinin və digər işğal olunmuş torpaqlarımızın azadlığa qovuşacağını müjdələyir. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Bəli Müzəffər Orudumuzun ardıcıl parlaq qələbələri bizi bu amala, bu məqsədə daha da yaxınlaşdırır.Bu haqq-ədalət mübarizəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək gücümüzü və birliyimizi bütün dünyaya nümayiş etdirir.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Rəfiqə Rzayeva,
Şirvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru