Erməni yalanları bir daha ifşa olundu
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunur. Atəşkəs haqqında razılıq əldə edildiyi tarixdən etibarən hər iki ölkədə qarşı tərəfə münasibətdə “düşmən” obrazı möhkəm yer aldığına və tərəflər arasında “nə sülh, nə də müharibə” kimi qeyri-müəyyən vəziyyətin yarandığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilməkdədir. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməmişdir.
Ermənistan tərəfinin izahına görə, münaqişə Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını (self determination) təyin etmək istəyi və bu istəyin Azərbaycan tərəfinin güc tətbiq etməklə qarşısının alınmasına göstərilən cəhdlər nəticəsində baş vermişdir. Ermənistan Dağlıq Qarabağ ermənilərini dəstəkləmək məqsədilə münaqişəyə qoşulmuş və nəticədə, “status-kvo” formalaşmışdır. Azərbaycan tərəfi isə münaqişəni Ermənistanın aqressiv və işğalçı siyasətinin bir nəticəsi olaraq izah edir. Belə bir vəziyyətdə problemin hansı formatda olmasına baxmayaraq, həlli məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmələrini məqbul hesab edərək, bunu da xüsusi olaraq vurğulayırdılar ki, konfliktin həllində qalib tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil tapıb barışmalıdırlar. Şübhəsiz ki, Ermənistanın bu torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyildi. Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə həmişə bəyan etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan tərəfi ənənəvi olaraq Dağlıq Qarabağa digər tərəfdən daha əvvəl gəldiyini və bu torpaqlar üzərində öz varlığının qanuni olduğunu iddia edir. Əlbəttə ki, məsələyə tarixi reallıqlar prizmasından baxılarsa, ermənilərin Dağlıq Qarabağa azərbaycanlıların onlardan sonra gəldiklərini və bu torpaqlar üzərində mövcudiyyətinin qanuni olduğunu iddia etmələrinin heç bir əsası olmadığı ortaya çıxar. Lakin problemin tarixi həqiqətlər əsasında həlli heç bir vəchlə reallığı əks etdirməz. Heç təsadüfi deyildir ki, Ermənistanın bütün dövlət rəhbərləri Dağlıq Qarabağı heç vaxt Azərbaycanın iradəsinə verməyəcəyini qəti şəkildə bildirmişdilər.
Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir. Belə bir vəziyyətdə Ermənistan ilə Azərbaycan arasında “sülh” variantının yeri görünmədiyindən, Azərbaycan tərəfinin prizmasından baxıldığında müharibə vəziyyəti daha real və məqbul variant kimi qəbul edilirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin “labirint”ə bənzədilməsində doğruluq payı yüksək idi. Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, problemin hər dəfə nizamlanması istiqamətində durğunluq yarananda və Azərbaycan alternativ həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflər irəli sürərək Azərbaycanın danışıqlara olan inamını bərpa etməyə çalışırdılar. Danışıqlar həlledici mərhələyə çatdıqda, Ermənistan tərəfinin geri çəkilməsi nəticəsində bütün proses yenidən durğunluq vəziyyətinə qayıdırdı. Münaqişənin həlli yolunda ATƏT-in Minsk Qrupu nəzdində heç bir irəliləyişin olmaması və hər dəfə yenidən durğunluq vəziyyətinə qayıtması, dolayısı ilə “Fələstin sindromu” və ya “Kəşmir sindromu”na çevrilməsi problemin daha uzun illər davam etməsi və ya “ani müharibə”nin baş verməsi istiqamətində şübhələr oyandırmaqdaydı. Heç təsadüfi deyildir ki, Azərbaycan hərbi güc tətbiq etməkdən belə çəkinməyəcəyini hər dəfə vurğulayırdı.
Məhz ikili standartlar siyasətinin nəticəsi idi ki, ardıcıl olaraq hər il prezidentlər və Xarici İşlər nazirləri arasında görüşlər keçirilirdi.
Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl¬linə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2-5 aprel 2016-cı il tarixində baş vermiş müharibə Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etməsiylə vəziyyət əvvəlki məcrasına qayıtdı. Lakin Ermənistan vəziyyətin həmişə bu cür davam edəcəyini hesablayaraq, növbəti dəfə təxribatlara əl atmaqda davam etdi. Heç təsadüfi deyildir ki, Ermənistan yenə də havadarlarından ilham alaraq 2020-ci ilin iyul ayında da növbəti təxribata əl atdı. Əlbəttə, bunun müəyyən səbəbləri var idi:
Əvvəla, Ermənistanın Tovuz istiqamətində sərhəddə təxribat törətməkdə əsas məqsədi ilk olaraq Baş nazir N.Paşinyanın təmas xəttindən diqqəti yayındırmağa çalışması olmuşdur.
İkincisi, həmin ərazilərdən Azərbaycanın beynəlxalq layihələri olan Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tiflis-Ərzurum-Qars, Bakı-Tiflis-Qars və Böyük İpək yolu keçir. Ermənistan yüksəklikləri ələ keçirib öz istəyinə nail olmaq məqsədində idi.
Üçüncüsü, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin diqqətini tamamilə fərqli istiqamətə yönəltmək istəyirdi, amma bunların heç biri alınmadı.
Əlbəttə ki, məsələnin pərdəarxası məqamları da vardır ki, şübhəsiz bunun arxasında Rusiyanın olduğu reallıqdır və Azərbaycanda bu münaqişənin gərginləşməsində Rusiya faktorunun olduğu çox aydın şəkildə bilinir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, erməni faktoru Rusiyanın siyasi olmaqla yanaşı, iqtisadi baxımdan da Azərbaycana, Gürcüstana, Türkiyə və daha geniş mənada Avropaya qarşı təzyiq vasitəsidir. Rusiyanın təlimatı ilə ermənilər tərəfindən Tovuz bölgəsinə edilən hücum, digər bir ifadə ilə, 12 iyul hadisələri bunun ən bariz nümunəsidir. Bölgədən enerji xətlərinin keçdiyi nəzər alınarsa, bu hücumun sadəcə Azərbaycana qarşı olduğunu düşünmək yanlış olar. Rusiya təlimatlandırdığı bu hücum ilə bölgədən keçən enerji xətlərini atəş altına almaq, Türkiyə üzərində daha çox təzyiq qurmaq istədi. Əgər Rusiya ilə Ermənistanın niyyəti sadəcə Azərbaycana hücum etmək olsaydı, əsl tərcih Qarabağ tərəfdən olacaqdı.
Özünü Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarının icraçısı kimi görən və həmişə dəstəklənəcəyini ümid edən Ermənistan təmas xəttini pozmağa davam edir, psixoloji baxımdan Azərbaycana zərbə vurmağa çalışır və qıcıqlandırma metodlarından istifadə edirdi. Əlbəttə ki, Azərbaycan tərəfi strateji məqamı gözləməkdə səbr edirdi. Təxminən 30 il səbr edən Azərbaycan nəhayət ki, əlverişli strateji məqamı ələ keçirdi. Olduqca səriştəsiz bir siyasətçi olan Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” kimi özündən razı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi.
27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Qeyd etmək lazımdır ki, Azərbaycanda həm rəsmi səviyyədə, həm də xalqda artan savaş istəyi də bu işarənin xəbərçisi idi. Bu da beynəlxalq arenada münaqişənin dondurulmuş olmadığını ortaya qoydu. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, strateji əraziləri və yüksəklikləri ələ keçirdi. Müharibədə Rusiya və Qərb dövlətlərinin, beynəlxalq təşkilatların müharibənin dayandırılması və dərhal müzakirələrə başlanmasının vacib olduğunun bildirilməsinə baxmayaraq, Türkiyə və Pakistan hər zaman Azərbaycanın yanında olduqlarını göstərdilər.
Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibə verilən sualla bağlı məsələyə münasibət bildirərək tutarlı arqumentlərlə erməni yalanlarını bir daha ifşa etdi:
Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsi.
Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər. Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır. Hərbi əməliyyatlar başlamadan əvvəl məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yox idi. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin.
Göründüyü kimi, həm sahədə, həm də masada Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi əsas çarəni saxta xəbərlər yayaraq dövlətləri dərhal müharibəyə cəlb etməkdə axtarır. Əlbəttə ki, BMT, Avropa Şurası, regional və böyük güclər, xüsusilə ATƏT-in həmsədrləri olan Rusiya və Fransanın, qonşu dövlət İranın bölgədə baş verənləri diqqətdə saxladıqları heç kimə sirr deyil. İstər beynəlxalq təşkilatlar, istərsə də böyük güclər və digər dövlətlər tərəflərə müraciət edərək müharibənin dayandırılmasının, silahların susmasının, dərhal müzakirələrə başlanmasının vacibliyini bildirsələr də, Azərbaycan tərəfi hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını və bu davada haqlı tərəf olduğunu sübut etdi. Bu, Azərbaycanın haqlı davasıdır. İnanırıq ki, bu davada Azərbaycan qısa bir müddətdə qalib gələcək. Azərbaycanda dövlət və xalqın birliyi sarsılmazdır. Məhz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli strateji addımları və zəfərə səsləyən çıxışları Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı və xalq Prezidentin ətrafında sıx birləşdi. Azərbaycanı zəfərə aparan yol yalnız və yalnız sarsılmaz birlikdir.
Azər Quliyev,
Gənclər və İdman İdarəsinin rəisi