Türkiyə ilə Azərbaycanın müttəfiqliyi hər iki qardaş dövlət üçün böyük sərvətdir.
Soykökü, tarixi, milli adət-ənənələri oxşar olan Türkiyə- Azərbaycan birliyinin son illərdə daha da möhkəmlənən tərəfdaşlığının dünya siyasətinə təsiri bütün istiqamətlərdə hiss olunur. Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verən bu əməkdaşlıq Qərbin formalaşdırdığı islamofobiyanın qarşısının alınmasında yenilməz qüvvədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) yaradılması ilə müsəlmanlar, İslam dini haqqında aparılan təxribat kampaniyası, formalaşdırılan zərərli yanaşmaların qarşısı türk xalqlarının birliyi nəticəsində alınır. Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 22-ci iclasının Bakıda keçirilməsi ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi və regional sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq işğalçılıq siyasətini davam etdirən Ermənistana qarşı sərt tədbirlər məhz Türkiyə tərəfindən görülmüşdür. Beynəlxalq tədbirlərdə, hər iki dövləti təmisl edən diaspor təşkilatlarının eyni mövqedən çıxış etməsi bu birliyin təzahürüdür. Reallaşan qlobal enerji, nəqliyyat layihələrinin istismarı nəticəsində hər iki dövlətin iqtisadiyyatının inkişafına Türkiyə-Azərbaycan qardaşlığı baxımından yanaşılması əməkdaşlığı daha da möhkəmləndirir. Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini təqdim edərkən Prezident İlham Əliyevin söylədiyi “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı” sözləri qardaş Türkiyə mətbuatının manşetinə çıxarıldı. Bu birlik gərginləşən geosiyasi maraqlara qarşı mübarizədə də üstünlüyünü qorumaqdadır. Dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tənzimləyən, Azərbaycanın təşəbbüsləri ilə reallaşan layihələrin ardınca Türkiyənin də zəngin təbii enerji ehtiyatına malik olması bu iki qardaş ölkənin dünyanın siyasi, iqtisadi sistemindəki rolunu daha da möhkəmləndirir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi gündən xalqımızla həmrəyliyini bütün sahələrdə bildirən Türkiyənin son zamanlarda ölkəmizlə daha sıx birlik nümayiş etdirməsi hər iki xalqın ortaq düşməni olan dünya erməniliyinə qarşı mübarizənin əsas istiqaməti, “Bir millət, iki dövlət” aforizminin reallığıdır.
Sentyabrın 27-dən etibarən Ermənistanın təxribatları nəticəsində başlanan müharibədə Azərbaycanla daim bir olan Türkiyənin xalqımıza mənəvi dəstəyi artır. Son günlərdə Rusiyanın, Fransanın televiziya kanallarına müsahibələrində də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından bəhs edən Prezident İlham Əliyev qardaş köməyini yüksək dəyərləndirir.
Media Platformasının vasitəsi ilə iki ölkə mediasının inteqrasiya şəkilində hərəkəti, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyəti artıq hiss olunur. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Türkiyənin NTV, “Haber Türk”, “Haber Global”, “A Haber”” televiziya kanallarına müsahibələri Azərbaycanın davam edən döyüşlə bağlı beynəlxalq ictimaiyyətə mesajıdır. Qarşılıqlı olaraq Azərbaycanın politoloqları, deputatları, jurnalistləri Türkiyə televiziyalarının videoformatda keçirdikləri canlı yayımlarda iştirak edirlər. Hər iki qardaş ölkənin media mənsublarını birləşdirən Media Platforması çərçivəsində həyata keçirilən layihələrdə iştirak edən jurnalistlər Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi terrorlar barədə məlumatlar dünya ictimaiyyətinə hadisə yerindən birbaşa çatdırılır. O da bildirilir ki, döyüşlər başlanan gündən ermənipərəst qüvvələr tərəfindən Azərbaycana göstərilən təzyiqlərin qarşısı Azərbaycanla Türkiyənin birlik və həmrəyliyi ilə alınır.
Türkiyə ilə Azərbaycan arasında çox geniş hüquqi sənədlər bazası olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev müsahibələrində dəfələrlə bildirib ki, qardaş ölkə ilə birlikdə imzalanan, bir çox sahələri əhatə edən müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardımla bağlı maddələr vardır. “Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Türkiyə ilə hərbi sahədə işbirliyimiz gündən-günə möhkəmlənir. Keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır”.
Ermənistanın törətdiyi təxribatlar nəticəsində başlanan və Azərbaycan Ordusunun üstünlüyü ilə davam edən döyüşlər göstərir ki, Türkiyə-Azərbaycan istənilən anda bir-birinin yanındadır. Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana güvənir. Yəni, Türkiyə-Azərbaycan birliyi dünya siyasətinin reallığıdır. “Bununla hər kəs barışmalıdır. Nə qədər çox vaxt keçsə, bizim birliyimiz daha da güclənəcək. Çünki Türkiyənin potensialı, Azərbaycanın təbii resursları, bizim aramızda olan nəqliyyat layihələri, Türkiyə və Azərbaycan vasitəsilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Orta Asiyadan, Əfqanıstandan Azərbaycan və Türkiyə ərazilərindən yeni nəqliyyat layihələrinin icra edilməsi - bütün bunlar yenilikdir.”
Prezident İlham Əliyevin müsahibələrində ən çox diqqət çəkən məqam birmənalı və dəyişilməzdir: Türkiyə ilə Azərbaycanın müttəfiqliyi hər iki qardaş dövlət üçün böyük sərvətdir: “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq.”
Usubov İsmayıl,
18 nömrəli tam orta məktəbin direktoru