Ermənistan həmişə olduğu kimi, yenə də dinc əhalini hədəf olaraq seçir
Müharibədə ağır itkilər verən, öz məğlubiyyətinin yaxında olduğunu anlayan Ermənistan həmişə olduğu kimi, yenə də dinc əhalini hədəf olaraq seçir. Cəbhədən çox uzaq məsafədə yerləşən Azərbaycan şəhərləri atəşə tutulur. Gəncə, Mingəçevir, Ordubad kimi iri yaşayış mərkəzləri raket zərbələrinə məruz qalır. Bu raket zərbələri günahsız insanların ölümünə, evsiz-eşiksiz qalmasına səbəb olur.
Bəli, Ermənistan öz cinayətlərinə yenilərini əlavə edir. Məgər Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə üçüncü dəfə “SCUD” tipli ballistik raketin atılması, özü də həmin ərazidə heç bir hərbi obyektin, hərbi aerodromun olmadığını bilə-bilə atılması cinayət deyilmi? Qadınların, məsum körpələrin hədəf olaraq seçilməsi, bir gecədə 13 nəfərin həyatına son qoyulması, 52 nəfərə ağır xəsarət yetirilməsi cinayət deyilmi? Mülki əhaliyə bilərəkdən ziyan vurulması, şəhərlərin xarabalığa çevrilməsi cinayət deyilmi? Törətdiyi bu cinaylərə görə Ermənistan hakimiyyəti cavab verməli, beynəlxalq təşkilatlar bu işin günahkarlarını cəzasız qoymamalıdır.
Mən ədalətin zəfər çalacağına, dünya dövlətlərinin bu işdə bizim yanımızda olacaqlarına inanıram. Çünki artıq Azərbaycan beynəlxalq aləmdə öz sözünü deməyi bacaran, torpaqlarını düşmən tapdağından azad etməyə qadir ordusu və maddi-texniki bazası olan, hərbi qüdrət sahibi bir ölkədir. Bunu son günlərdə 30 ildir düşmən əsarətində inləyən Cəbrayılın, Hadrutun, Füzulinin və bir sıra kəndlərimizin azad edilməsi, Murov və Ərgünəş zirvələrinin ələ keçirilməsi bir daha sübut etdi. Ermənistan silahlı qüvvələrinin şücaətli ordumuzun qarşısında tab gətirməyərək öz silah və sursatlarını, hərbi texnikalarını ataraq geri çəkilməsi bir daha göstərdi ki, zəfər müjdəsi çox da uzaqda deyil.
Bunu dünya dövlətləri də başa düşür və bir çoxları Azərbaycanı dəstəkləyir. Bu gün müharibənin ilk günlərindən bizi dəstəkləyən Türkiyə və Pakistanla yanaşı, Əfqanıstan, Bosniya və Hersoqovina və bir sıra başqa ölkələr də bizim yanımızdadır. Təbii ki, söhbət hərbi dəstəkdən deyil, siyasi dəstəkdən gedir. Bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibədə bildirmişdir.
Lakin Azərbaycan xalqı ən çox öz Ordusuna, Prezidentinə, Ali Baş Komandanına inanır, güvənir və etibar edir. Bütün işlərdə özünü Ümummilli liderin davamçısı elan edən Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi yolunda da inamlı addımlar atır. Həm də yalnız müharibə meydanında deyil, eləcə də siyasi arenada mübarizə apararaq Azərbaycanın haqq işini müdafiə edir.
Bəli, torpaqlarımızın işğaldan azad ediləcəyi Şuşaya, Xankəndinə üçrəngli Azərbaycan bayrağının sancılacağı o gün, o gözəl gün uzaqda deyil. Biz inanırıq. İnanırıq ki, qələbə bizimlə olacaq!
Aynurə Rzayeva
Şirvan şəhər 13 nömrəli tam orta məktəbin direktoru