Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır.
Azərbaycan hazırda Vətən müharibəsi aparır. Bu müharibədə uğurlu hərbi əməliyyatlarla yanaşı, diplomatik, siyasi və informasiya cəbhəsində də nailiyyətlər qazana bilirik. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin siyasi təcrübəsi və iradəsi sayəsində reallaşır. Son günlər isə Prezident İlham Əliyev informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir, bu cəbhədə də yeni tarix yazır.
Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasını, humanitar atəşkəsdən yararlanaraq Azərbaycana yeni hücumlar təşkil etdiyini əsaslı şəkildə diqqətə çatdıraraq dünyanı işğalçının faşist, antiinsani, təcavüzkar siyasətinə müşahidəçi qalmamağa çağırıb. Reallıq budur ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin keçirilmiş görüşünün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq dinc əhalini bilərəkdən hədəfə alır, uzun illərdən bəri havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı törətdiyi soyqırımı aktlarına sadiqliyini təsdiqləyir. Əhalinin sıx yaşadığı və təmas xəttindən xeyli aralıda yerləşən Gəncənin, sənaye şəhəri olan Mingəçevirin, bu şəhərdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının, Mingəçevir Su Elektrik Stansiyasının Ermənistan ərazisindən “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə tutulması humanitar atəşkəsin terrorla əvəzlənməsidir. Bu cinayət əməllərinə dünya birliyinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin adekvat tədbirlər görməməsi Azərbaycan dövlətinin, xalqının haqlı narazılığına səbəb olur.
Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” telekanalına müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
İşğalçı Ermənistan Moskvada imzalanan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozdu. Düşmən öz ərazisindən yaşayış məntəqələrimizi, mövqelərimizi atəşə tutdu. Gəncəyə raket hücumu nəticəsində çoxsaylı insan tələfatının şahidi olduq. Ermənistan hökumətinin beynəlxalq səviyyədə məsuliyyətsizliyi davam edir və qarşı tərəf güzəştə getmək istəməyərək, ərazilərimizdən çıxmaq niyyətində deyil.
“Humanitar atəşkəs o məqsədlə əldə olunur ki, həm tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin. Əslində, Moskva görüşü Azərbaycanın diplomatik uğuru sayıla bilər. Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etdi. Onlar ənənələrinə sadiq qalaraq humanitar atəşkəs razılaşmasından dərhal sonra mövqelərimizə hücum etdilər, Gəncə şəhərini isə raket atəşinə tutdular. Bu, bəşəriyyətə və insanlığa açıq şəkildə meydan oxumaqdır, vandalizmdir”.
Azərbaycan Ordusunun ermənilərin bu cinayətini cavabsız qoymadığını və bundan sonra da qoymayacağını öz qətiyyəti ilə göstərir. Ordumuz doğma torpaqlarımızın işğaldan azad olunması missiyasını davam etdirir. Azərbaycan xalqı haqq işi uğrunda mübarizə aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.
Türkiyənin regiondakı rolundan da danışan dövlətimizin başçısı bildirdi ki, Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə artan rolunu inkar etmək mümkün deyil. Bu mənada, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, bir çox ölkələrdən fərqli olaraq, Türkiyə bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır.
Tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq. Prezident İlham Əliyev də qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaq. İnşallah, həmin gün tezliklə gələcək! Qarabağ Azərbaycandır!
Fəxrəddin Rəhimov,
Şirvan şəhər Ağsaqallar Şurasının sədri