Prezidentin bəyanatından Ermənistan və havadarları nəticə çıxarmalıdır
Oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhərinin işğalçılardan azad edildiyini bildirib və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını, Ordumuzu ürəkdən təbrik edib.
Ölkə başçısı xalqa müraciətində çox qətiyyətli, inamlı idi və Azərbaycan xalqının iradəsinə söykənərək mübarizənin bütün istiqamətlərdə davam etdirilməsində qətiyyətli əzmini ortaya qoydu, çox ciddi məqamlara toxundu: “İlk növbədə bir daha həm Ermənistana, həm ona havadarlıq edənlərə konkret arqumentlərlə fikirlərini əsaslandırdı ki, Azərbaycanın apardığı müharibə haqqa, ədalətə, beynəlxalq qanunlara söykənir. Prezident bir daha bəyan etdi ki, bu mübarizədə sona qədər getməkdə qərarlıyıq və hər hansı bir təzyiq, təhdid, xahiş nəzərə alınmayacaq. Ermənistanın mövqelərini İlham Əliyev bu dəfə də tərk-silah etmiş oldu. Ermənistanın işğalçılıq siyasətinə hərbi yolla son qoyulmasının alternativinin olmadığını cənab Prezident bəyan etdi. Eyni zamanda atəşi hansı halda dayandırmağın mümkün olduğunu birmənalı şəkildə bəyan etdi.
Cənab Prezidentin xalqa 17 oktyabrda müraciəti ilə qətiyyətli, inamlı və Azərbaycanı qələbəyə aparan cəsarətli Ali Baş Komandanımızın olması ilə qürur hissi yaşadıq. Füzuli şəhərinin və bir sıra kəndlərin azad olunmasının ardınca cənab Prezidentin çıxışı xalqımızda olan böyük ruh yüksəkliyini, əminliyi daha da artırdı. Hamımız bir daha əmin olduq ki, bizi böyük zəfər gözləyir.
Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza hər gün qələbə müjdəsi verir: İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırıldı. Azərbaycan Silahlı Qüvvələri dövlət sərhəddimizdəki qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Xalqımız şübhə etmir ki, bu xəbərləri tezliklə Qubadlıda, Zəngilanda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Ağdamda, Əsgəranda, Xocalıda, Şuşada, Xənkəndində də Azərbaycan bayrağının dalğalanması məlumatları əvəz edəcək. İndi möhtərəm Prezident təkcə bu qələbələrin müjdəçisi deyil, o həm də bu uğurları ağıllı, güclü, xalqını və yurdunu sonsuz məhəbbətlə sevən lider kimi uzaqgörən diplomatiyası, təmkinli siyasəti ilə ərsəyə gətirmişdir. Hər kəsin qəbul etdiyi bir həqiqət ortadadır: Azərbaycan xalqı öz rəhbəri ilə bu dərəcədə yekdil olmamışdı. Azərbaycan xalqı bu dilbirliyi ilə dünyaya çox böyük həqiqətləri bəyan etdi. Mənfur ermənilər və bütün dünya dərk etməlidir ki, illər boyu xalqımızın göstərdiyi müstəsna səbr və dözüm işğal olunmuş torpaqlarımızın unudulması deyil, haqlı olduğumuzun təsdiqi, gücümüzün, yurd sevgimizin yüksəlməsi ilə nəticələndi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu ilin 27 sentyabrında başladığı Vətən müharibəsinin ilk günlərindən tarixi qələbəsini təmin etdi. Azğın düşmən Gəncəni, Mingəçeviri, Tərtəri raket atəşinə tutmaqla, dinc insan-- uşaqları, qadınları, qocaları qətlə yetirməklə, soyqırım törətməklə adamların irasdəsini, Qələbə əzmini sındırmaq istəsə də, heç nə alınmadı. Vətən mücadiləsinin ilk günündən Qələbə üçün zəruru şərtlərdən olan mənəvi bütövlük və üstünlük də qazanıldı. İndi Ali Baş Komandan hər gün maddi Qələbəmizin müjdələrini verir. Torpaqların işğaldan azadlığı isə bizi son Qələbəmizə günbəgün yaxınlaşdırır.
Azərbaycan xalqı Türk dünyasının bir parçası olduğunu, ağıllı siyasi lider, məğrur sərkərdə ətrafında birləşərək xilaskarlıq amalları uğrunda ölümə belə hazır olduğunu, iqtisadi və hərbi qüdrətini bir daha sübut etdi.
İndi fəxrlə danışa biləcəyimiz və güvənc yeri olan gəncliyimizin fədəkarlığını da yaddan çıxarmaq olmaz. Bu zaman kəsiyində elə bir mütəşəkkil gənclik yetişdi ki, onun mübarizliyi də, Vətən sevgisi də, savad və qabiliyyəti də qibtə ediləcək dərəcədə böyükdür. 18-20 yaşlarında olan əsgərin, yetkin Azərbaycan zabitinin döyüş meydanındakı rəşadətləri, xalqımızın arxa cəbhədəki Qələbə təşnəliyi onu göstərir ki, onlar nəinki 30 il əvvəl hiylə və qarışıqlıqlarla atalarından alınmış, həm də yüz illər əvvəl babalarından istila olunmuş torpaqları da Azərbaycanın yeni xəritəsinə yerləşdirəcəklər. Bu amal uğrunda şəhidlik zirvəsinə yüksəlmək hər bir Vətən övladının qürur borcuna çevrilmişdir.
Görünən, danılmaz həqiqət budur ki, yaşından, cinsindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan xalqının bütövlüyü, amalı, mübarizliyi qəti Qələbəni tezləşdirəcəkdir. Bizə isə bunu demək qalır: ağıllı və məğrur sərkərdəsi – Ali Baş Komandanı ətrafında sıx birləşərək salnamələr yazan qüdrətli Azərbaycan Ordusuna və xalqına eşq olsun!
Samirə Abışova,
Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri