Şriftin ölçüsü :

Saytın rəngi :

“İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır”.

22 oktyabr 2020 | 16:00

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbər olub. Azərbaycan ərazilərinin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmənə sarsıdıcı zərbələri, Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb.
   “Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır” bunları Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində deyib: “Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir”.
Oktyabrın 20-də Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. Qeyd etmək vacibdir ki, Azərbaycan dövləti Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 884 saylı qətnaməni özü icra etdi.
   Prezident Azərbaycan Ordusuna, əsgərinə dövlətin verdiyi böyük dəstəyi də ifadə etdi. Bu gün Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə, itkilərlə üzləşir. Azərbaycan xalqı isə ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcək.
   Bu gün hər kəs öz sahəsində əsgərdir. Fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq, hamımız bu müqəddəs mübarizəyə öz töhfəmizi verməliyik. Azərbaycan naminə bir olmalıyıq, həmrəylik göstərməliyik! Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, mənfur düşmənə layiq olduğu yeri göstərdik: “Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva müraciətlərində   “Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir” söyləyərək bildirir ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.
   Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa  hər bir  müraciəti dövlətimizin başçısının əzmli, qətiyyətli, uzaqgörən, xalqın dərin etimad və inamını əməli xidməti ilə doğruldan qalib siyasətçi və əvəzolunmaz dövlət başçısı olduğunu bir daha nümayiş etdirir. Dövlətimizin başçısının müdrik siyasəti   Ermənistanın baş naziri Nikol Paşinyanın və faşist ideologiyasını seçmiş antidemokratik,  qaniçən hərbi xuntadan təşkil olunmuş, tez-tez dəyişməyə məhkum olan hökumətinin sonunu sürətlə yaxınlaşdırır.  Artıq küçədən birbaşa hakimiyyətə gələn bu yaramaz və yırtıcı cəlladların təcrübəsiz və boşboğaz liderlərinin ağ bayraq qaldırması ilə razılaşmaqdan başqa heç bir çıxış yolu yoxdur. Bu isə qədim tarixə və dövlətçilik ənənələrinə sahib olan məğrur Azərbaycan dövləti və onun qalib Prezidenti İlham Əliyevin qarşısında ağ bayraq qaldırmaqla ölkəmizə qarşı irəli sürdüyü əsassız iddialarla danışan Paşinyanın diz çökdüyündən  xəbər verir. Azərbaycan Prezidenti işğalçı  Ermənistanın danışıqların aparılması üçün şərt qoymasına əbədi son qoydu. Artıq Ermənistan hökuməti qalib Azərbaycan dövlətinin tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün Azərbaycanın razılığının alınmasına kömək edilməsində onu dəstəkləyən ölkələrə yalvarır, diz çökür. Budur, Azərbaycan dövlətinin dünyaya nümunə olan, ədaləti, beynəlxalq hüququ daim öndə saxlayan siyasətinin təntənəsi.  Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırır.  Bu qələbə Vətən torpaqları uğrunda bütün şəhidlərimizin nigaran ruhlarının da azad edilməsidir. Onların qisası döyüş meydanlarında alınır.  “Biz böyük qayıdışın astanasındayıq” bəyan edən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə bildirdiyi kimi, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaq, o torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar
   Prezidentimiz xalqa müraciətində əks olunan inam, sevinc və bu gün Zəngilanın, xeyli sayda kəndlərimizin düşməndən azad edilməsi, təcavüzkarlara sarsıldıcı zərbə endirilməsi, bütün torpaqlarımızın təcavüzkarlardan təmizlənməsini sürətləndirir. Şübhəsiz Ali Baş Komandanımızın rəhbərliyi, Şanlı Ordumuzun şücayəti, qüdrəti sayəsində xalqımız tarixi qələbəni qeyd edəcək və özünün böyüklüyünü, mübarizliyini bütün dünyaya göstərəcəkdir. Bu zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq. Biz haqq yolundayıq Qarabağ Azərbaycandır!”.


Samir Abıyev
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin müavini

Keçidlər