Müharibə eyni zamanda informasiya cəbhəsində gedir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Cənab Prezident Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtan bu günə kimi dünyanın 17 ən məşhur televiziya kanallarına müsahibə vermişdir. 19 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Rusiyanın tanınmış TASS informasiya agentliyinə vermişdir. Müsahibə vaxtı müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı suallarını cavablandıran cənab Prezident bildirmişdir ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Savaş meydanında hərbi üstünlüyü ələ keçirmiş Azərbaycanın Prezidenti ölkəmizin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu birməmalı şəkildə vurğulayıb. Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmişə öhdəlikləri yerinə yetirməyə çalışır və buna hazırdır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan nizamlama prinsipinə sadiqliyini də hər zaman qoruyub, saxlamaqdadır. Ancaq hazırda vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Ancaq Ermənistan tərəfi humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud surətdə pozur. Danışıqlardan heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı- yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbələr endirilib. Birinci hücumdan sonra , iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan növbəti dəfə atəşkəsi nümayişkaranə şəkildə pozdu. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.
Müxbirin status-kvo barəsində sualını cavablandırarkən cənab Prezident bildirmişdir ki, staus-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının dəfələrlə səsləndidikləri bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının səsləndirdikləri bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur.
Təbii ki, Azərbaycan Prezidenti öz mövqeyində tamamilə haqlıdır. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri son 30 ildə işğal altında saxlanmış Azərbaycan ərazilərinin azad olunması istiqamətində heç bir irəliləyişə nail ola bilmədi. Bu isə Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin effektivliyinə yumşaq desək, kifayət qədər ciddi şübhələr yaradır. Ancaq buna baxmayaraq, Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır. Azərbaycan Prezidentinin mövqeyi birmənalı və qətidir: Azərbaycan baza prinsiplərinə sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən, Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.
Muzdlular barədə sualı cavabladırarkən cənab Prezident bildirmişdir ki, Azərbaycanda muzdlular yoxdur, sadəcə ordusu var. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi, lakin indiyə kimi sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan bu yanaşmanı əsla qəbul etmir. Ehtiyatda olanlar sayılmazsa, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından düşmən üzərində üstünlüyünü nümayiş etdirir. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq Azərbaycan ordusu tərəfindən məhv edilib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mövqeyi danışıqlar masası arxasında əhval-ruhiyyənin artıq ciddi şəkildə fərqli olacağından xəbər verir. Belə anlaşılır ki, Prezident İlham Əliyev Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur” deməklə, Ermənistanla yanaşı, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinə birmənalı olaraq mesaj verir. Yəni Azərbaycan Prezidenti savaş meydanındakı üstünlüyümüzlə bağlı önəmli hərbi faktorun danışıqlar prosesində əsas müəyyənləşdirici amilə çevrilməsində israrlıdır. Ona görə də, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ən önəmli məsələ məhz Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən belə bir siyasi iradənin mövcudluğu açıq-aşkar ortadadır. Çünki Azərbaycan ordusu döyüş meydanında qalib durumdadır. Ermənistan ordusu isə, əslində, artıq hərbi cəhətdən fiaskoya uğrayıb. Ancaq rəsmi Bakı Azərbaycanın savaş meydanında üstün olmasına baxmayaraq, qan tökülməsinin davam etməsini qətiyyən istəmir. Və ona görə də, insanların həyatını qoruyub, saxlamaq məqsədilə bu problemi siyasi yolla həll etməyə hazırdır. Təbii ki, indi məhz bu məsələnin yoluna qoyulması rəsmi İrəvanın bundan sonra tutacağı mövqedən bir başa asılıdır. Belə ki, Paşinyan hakimiyyəti nəhayət ki, qeyri-konstruktivliyi, sülh danışıqları prosesini pozan mövqeyini bir kənara buraxmalıdır. Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistan hərbi qüvvələri tam şəkildə çıxarılmalıdır.
Ermənistan müharibənin gedişində də silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Cənubi Qafqazda sabitlik üçün təhlükə törətməkdə davam edir. Təbii ki, həm Azərbaycan ordusunun gücü həm də onun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olması təcavüzkar Ermənistan dövlətini ciddi şəkildə narahat edir və onların qanunsuz silahlanma yoluna əl atmaları Ermənistan dövlətinin qorxaq və aciz hərb siyasətinin daha bir bariz təzahürüdür. Azərbaycan dövləti isə hər zaman olduğu kimi öz sülh və sabitliyini, eyni zamanda bölgədəki sülhün qorunması üçün uğurlu hərb siyasətini yürüdərək Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin tərəfdarı olmadığını hər dəfə nümayiş etdirir. Silahlı qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bununla bağlı çıxışlarında bildirmişdir ki, işğalçı Ermənistan öz təcavüzkar və qanunsuz əməllərini yerinə yetirərək bölgədəki sabitlik və inkişafa, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi şəkildə məneə törədir. Hazırda Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından, müqayisəedilməz bir üstünlüyə malikdir. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı demək olar ki, məhv edilib. Hətta bəzi hesablamalardan qaynaqlanan iddialara görə, Ermənistan işğal altında olan ərazilərdəki ordusunun canlı qüvvə baxımından, təxminən 45 faizə yaxınını itirib. Eyni zamanda, ordumuz düşmənin həmin ərazidəki hərbi texnikasının 75-80 faizə yaxın hissəsini sıradan çıxarıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanın savaş meydadındakı üstünlüyü mütləq xarakter daşıyır. Ermənistanın bu savaşda məğlubiyyətə məhkum olduğu qətiyyən şübhə doğurmur. Ona görə də əminliklə demək olar ki, Ali Baş Komandan öz ordusu ilə düşmənin başını döyüş meydanında artıq əzib. Sadəcə, Paşinyan hakimiyyətinin “ağ bayraq” qaldırması və danışıqlar masası arxasına oturaraq, Ermənistanın məğlubiyyətini rəsmən etiraf və elan etməsi qalıb. Və tezliklə bu önəmli hadisənin də mütləq baş verəcəyi artıq heç kəsdə ciddi şübhə doğurmur.
Rəşadətli Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı geri qaytarır. Demək olar ki, hər gün cənab Prezident, Ali Baş Komandan işğaldan azad olan yaşayış məntəqələrimiz haqqında xalqımıza xoş xəbərlər çatdırır. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq və Azərbaycan bayrağı Xankəndində, Şuşada və azad edilmiş digər yaşayış məntəqələrində dalğalanacaq.
Qarabağ Azərbaycandır!
Əfqan Həsənov
Şirvan Gənclər Evnin direktoru