Şriftin ölçüsü :

Saytın rəngi :

İşğal altındakı bütün ərazilərimizə üçrəngli bayrağımız sancılacaq.

23 oktyabr 2020 | 16:00

Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhəboyu əks əməliyyata başlaması hər bir vətəndaşımızın dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları başlanandan indiyədək dövlətimizin başçısı mütəmadi olaraq, xalqımıza müraciət edərək cəbhədəki vəziyyət haqqında ətraflı məlumat verir, hər gün öz “Twitter” hesabında işğaldan azad edilən yeni kəndlərin, şəhərlərin adlarını çəkir. Bu, təsadüfi deyil. Çünki Prezident İlham Əliyev yaxşı bilir ki, Azərbaycan xalqı otuz ilə yaxın bir müddətdə qələbə, zəfər müjdəsinin həsrəti ilə yaşayıb
    İşğaldan azad edilmiş şəhər və rayonlarımızın siyahısının artması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycanın ərazi bütövlüyü uzun illərdən sonra bərpa olunmağa başlayır, torpaqlarımız kənd-kənd, qarış-qarış düşmən tapdağından təmizlənir. Necə qürur duymaya bilərik axı? Təxminən 30 ilə yaxın işğal altında olan tarixi məskənlərimizin azad edilməsini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Ermənistana vurduğu zərbəni xain qonşularımız uzun illər unutmayacaq.
   Bu gün yalnız Ermənistan hərbi cəhətdən uduzmur və düşmənin döyüş meydanında silahlı texnikası məhv olmur, eyni zamanda, bu ölkənin iqtisadiyyatı da artıq çökür. Bu günə qədər Ermənistanın itkisi 1,5 milyard dolları keçib, büdcəsi də ki, məlumdur. COVID-19 infeksiyasının Ermənistan ərazisində sürətlə yayılması və vəziyyətə nəzarət etmə imkanlarının olmaması səbəbindən onsuz da bu ölkənin iqtisadiyyatının tənəzzül yaşayır. Üstəgəl, haqsız olaraq apardığı müharibədə itirdikləri iqtisadi resurslar onlara uzun müddət özlərinə gəlməyə imkan verməyəcək. Onların aylarla yığdıqları ianələrlə alınmış silah-sursatı Ordumuz cəmi bir neçə dəqiqə içində məhv edir. Hələ davam edən müharibədə Ermənistanın verdiyi itkilərin isə sayı-hesabı yoxdur. Məğlubiyyətə uğradıqca daha çox geri çəkilməyə məcbur olurlar ki, bu da ordumuzun sürətini və işğaldan azad edilən yurdlarımızın sayını artırır.
Müharibənin ilk günləri Ordumuz kəndləri və qəsəbələri işğaldan azad edirdisə, bu gün artıq bütöv rayon və şəhərləri düşmən təcavüzündən qurtarır. Müdafiə Nazirliyinin döyüş bölgələrindən çəkdikləri videolara baxanda bir daha əmin oluruq ki, Ermənistan rəhbərliyi heç bir halda bu əraziləri sülhlə tərk etməyəcəkdi. İşğaldan azad edilmiş bəzi ərazilərdə son vaxtlara qədər yaşayışın olması bunun əyani sübutudur. Ermənistan yenə də öz vandal əməllərindən əl çəkmir. Belə ki, geri çəkilərkən gələcəkdə istifadəsi mümkün ola biləcək bütün mülki obyektləri məhv edir.
   Azərbaycanda isə hər gün on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edərək, döyüşə getmək istədiyini bildirir.
Bu, həm də Azərbaycan xalqının öz Liderinə, Ali Baş Komandanına, Ordusuna olan dərin inamının təzahürüdür. Hər birimiz məsuliyyətimizi dərk etməli və apardığımız uğurlu əməliyyatların məntiqi davamına hazır olmalıyıq.
   İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, Ermənistanın işğalı bitdikdən sonra tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gələcək. Talış və Suqovuşan kəndlərinə yeni avtomobil yollarının çəkilməsi böyük qayıdışın artıq başladığının əlamətlərindən biridir.
   Tarixi torpaqlarımız boşalır və hər birimiz tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmağımızı səbirsizliklə gözləyirik! Qarabağ Azərbaycandır!.

Ələşrəf Hacıyev,
Şirvan Peşə Liseyinin direktor əvəzi

Keçidlər