İlham Əliyev: Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi videomüsahibədə jurnalistin “Biz hamımız Moskvada 11 saatlıq danışıqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?” – sualına aydınlıq gətirərək bildirib ki, biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.
Ölkə başçısı vurğulayıb ki, BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər.
Müsahibədə münaqışənin nizamlanması məsələsinə toxunan cənab İlham Əliyev bildirib ki, vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir, bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq.
Biz baza prinsiplərinə sadiqik, deyən cənab İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.
Münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibət bildirən cənab İlham Əliyev bildirib ki, bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır.
Müsahibədə dövlət başçısı bir daha diqqətə çatdırıb ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub.
Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altında saxlanılması ilə bağlı sualı cavablandıran cənab İlham Əliyev bildirib ki, bütün bunlar baza prinsiplərində yazılıb. Baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Biz bu mövqeyimizi bir daha təsdiq edirik.
Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılar gətirilməsi məsələsinə adınlıq gətirən cənab İlham Əliyev vurğulayıb ki, bu cür narahatlıqlar əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim etməyib. İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir.
“Erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır” - deyən cənab İlham Əliyev müsahibəsində xüsusi vurğulayıb ki, onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur.
Cənab İlham Əliyev müsahibəsində, eyni zamanda jurnalistin diqqətinə çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik.
Qarabağ üzrə yekun razılaşma ilə bağlı jurnalistin verdiyi sualını cənab İlham Əliyev belə cavablandırıb: “Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir.”
Cənab İlham Əliyev müsahibəsinin sonunda bir daha vurğulayıb ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib.
Barxudar Barxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru