Şirvan Apellyasiya Məhkəməsində hakimlərin regional müşavirəsi keçirilmişdir
Noyabrın 11-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Şirvan Apellyasiya Məhkəməsində hakimlərin regional müşavirəsini keçirmişdir.
Şirvan Apellyasiya Məhkəməsindən bildirmişlər ki, müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi işində keyfiyyətcə yeni mərhələnin inkişafı, uğurla həyata keçirilən məhkəmə hüquq islahatları nəticəsində ədalətə və humanizmə söykənən qanunların qəbul edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin ön plana çəkilməsi qeyd edilmişdir.
Ölkəmizdə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şəraitin yaradıldığı, o cümlədən yeni regional ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrinin fəaliyyətə başlamasının, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsinin məhkəmə fəaliyyətinin inkişafındakı rolu xüsusi vurğulanmışdır.
İnsan haqlarının etibarlı təmin olunmasında məhkəmələrin üzərinə düşən mühüm vəzifələr, bu sahədə hakimlərin yüksək məsuliyyəti qeyd edilmiş, vətəndaşların haqlı narazılığına səbəb olan nöqsanların qətiyyətlə aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Əsgərov tədbirdə çıxış edərək aparılmış ümumiləşdirmələrin nəticələrinə əsasən məhkəmələrin işini təhlil etmiş, bu sahədə qazanılan müsbət təcrübəni hakimlərin diqqətinə çatdırmışdır.
Səmərəli fikir mübadiləsi şəraitində keçən tədbirdə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr hüquqi müzakirəyə çıxarılmış, müzakirə olunan məsələlərin müxtəlif aspektləri ətrafında faydalı müzakirələr aparılmışdır.