Status-kvo artıq yoxdur.
Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın 27-dən Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər Ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Eyni zamanda, cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu münaqişə dondurulmuş qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Artıq bu gün status-kvo yoxdur və Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir. Uzun illərdir ki, hər birimizin eşitməkdən yorulduğu bu ifadələr – Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti, dəyişilməyən status-kvo artıq yoxdur. Bunu Azərbaycan Prezidenti son günlərdə göstərdiyi prinsipiallıq sayəsində dəyişdi və bu dəyişikliyi istər xalqa müraicətində, istərsə də tanınmış telekanallara müsahibəsində vurğuladı.
Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistanın danışıqların formatını dəyişdirmək kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi, Paşinyan artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb. Bu günədək atılan addımlar və sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının “Biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirik” fikirlərinin tam əsaslı olduğunu təsdiq etdi. Hazırkı reallıq ondan ibarətdir ki, artıq münaqişənin "hərbi yolla həlli yoxdur” fikri alt-üst olub, status-kvo dəyişib. Cənab Prezident İlham Əliyev mükəmməl siyasi gedişlərlə regionun geosiyasi mənzərəsini yenidən formalaşdırdı. Beləliklə də bundan sonrakı istənilən proseslər Azərbaycanın maraqlarını təmin etməlidir. Əgər Ermənistan bu günə qədər baş vermiş hərbi əməliyyatlar nəticəsində yaranmış mənzərədən nəticə çıxarmasa, danışıqlar yolu ilə işğalçı siyasətinə son verməsə, təcavüzkarın hərbi yolla cəzalandırılması davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqının iradəsinə dayanan qətiyyətli mövqeyi və şanlı Azərbaycan Ordusunun tarixi qələbələrindən sonra Ermənistan tərəfi münaqişənin konkret həlli ilə əlaqədar danışıqlara getmək məcburiyyətində qaldı. 30 ildə dəyişilməyən status-kvoya format atılaraq regional vəziyyət dəyişmişdir. Siyasi nizamlanmanın yeni mərhələsi başlayıb. Ancaq Azərbaycan Respublikası bir daha beynəlxalq ictimaiyyətə və beynəlxalq qurumlara öz humanizmini və üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, ən əsası isə beynəlxalq humanitar hüququn bütün prinsiplərinə riayət etdiyini nümayiş etdirmək adına buna addım atdı. Əks təqdirdə Azərbaycan Ordusunun və xalqının iradəsi kifayət qədər yetərlidir ki, müharibəni davam etdirsin.
Ali Baş Komandanın da qeyd etdiyi kimi Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu, istərsə sülh yolu ilə olsun, istərsə də güc - müharibə yolu ilə baş verəcək. Artıq danışıqlar mərhələsinin imitasiyasına Azərbaycan xalqı tolerant yanaşmayacaq və dərhal oz iradəsini güc strukturu ilə nümayiş etdirəcək. Artıq regional vəziyyət yeni dünya nizamı formatında dəyişməyə başlayıb. Bu gün Azərbaycana təzyiq edən güclər heç şübhəsiz ki, sabah siyasi arenada arxa planda qala bilərlər. Dünya nizamına format atıldıqca yeni regional güclər önə çıxır və bəziləri isə siyasi arenadan silinərək unudulur. Bütün bunlar münaqişənin həlli strukturuna bəzən birbaşa bəzən də dolayısıyla təsir kompleksini meydana gətirir.
Karl fon Klauzeviçin bir formulu var: “Hər hansı bir müharibənin məqsədi qalib üçün əlverişli şəraitdə sülhə nail olmaqdır.” Müharibə hansı formatda olursa olsun onun mahiyyəti yənə olduğu kimi qalır. Biz də danışıqlar masasına yalnız və yalnız kapitulyasiya üçün oturacağımızı bəyan etmişik”.
Cavid Əliyev
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi