Koronavirus əleyhinə reydlər davam edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində vaxtında qəbul edilmiş qərarlar sayəsində dövlətimiz epidemiyanın ilk mərhələsini az sayda itki ilə başa vurmağa, tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Lakin bu gün Ümundünya Səhiyyə Təşkilatı dünyada sutka ərzində COVİD-19-a yeni yoluxma halllarının rekord həddə çatması barədə məlumat yayıb. Son günlər ölkəmizdə də yoluxanların sayının artması müşahidə olunur, ona görə də təhsil müəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlər tətbiq edilib.
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçilərinin, şəhər Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirmişdir. 22 oktyabr 2020-ci il tarixdə şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində keçirilən reydlərdə 22 ictimai iaşə, 104 ticarət, 14 bərəbərxana və gözəllik salonu, 12 digər xidmət obyektlərinə nəzarət edilib. Reydlər zamanı ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılmış, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilmişdir. Şəhər sakinləri arasında aparılan maarifləndirici söhbətlərdə koronavirusun təhlükəli olduğunu unutmamaq, aylarla riayət etdiyimiz qaydaları gözləmək, məsafəyə riayət etmək, real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməmək tövsiyə olunmuşdur. Qeyd olunmuşdur ki, hər birimizə məlum olan bu qaydalar yoluxma riskini azaltmağa, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər.
Bu gün, ordumuz öz tarixi missiyasını yerinə yetirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. Reyd zamanı vurğulanmışdır ki, vətəndaşlarımız arxa cəbhədə öz sağlamlığının qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə ön cəbhədəki əsgərlərimizə kömək etmiş və onları qorumuş olur.
Koronaviris infeksiyasının yayılmasının qarşısının alınması və profilaktik tədbirlərə əməl olunması məqsədi ilə Şirvan şəhərində keçirilən reydlər bundan sonra da davam etdiriləcəkdir.