İndi nə status-kvo var, nə də təmas xətti
Çox İllərdən bəri torpaq, Vətən həsrətli insanların qəlbini ağrıdan, ağrı-acıya son qoyan, Azərbaycan xalqına yenidən tarixi müstəqilliyin sevincini yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyev dövlətçilik, diplomatik fəaliyyətində qazandığı uğurlar fonunda təcrübəli dövlət xadimi, uzaqgörən siyasətçi olduğunu da təsdiqlədi. Ermənistanın işğalı altındakı torpaqlarımız azad olunduqca Azərbaycanın əsrlərdən bəri tarixin izlərini daş sinəsində yaşadan qalalar, abidələr qəribsədiyi doğmalarına qovuşur. Dövlət başçısı, Ali Baş Komandan kimi Azərbaycan xalqına müdrikcəsinə başçılıq edən, yol göstərən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını da ləyaqətlə yerinə yetirir.
Son günlərdə dünyanın tanınmış KİV-lərinin jurnalistlərinin ölkəmizə davamlı səfərlərinin məqsədi dövlətçilik təcrübəsi, siyasi iradəsi, təşəbbüsləri ilə dünya siyasətində yeni cığır açan dönməz, qətiyyətli, sağlam düşüncəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəldən, xalqına xidməti həyat amalına çevirən Prezident İlham Əliyevlə, onun dövlətçilik təcrübəsi, xalqına, torpağına bağlılığı ilə tanış olmaqdır. Prezident, Milli Ordumuza sərkərdə kimi başçılıq edən Ali Baş Komandan İlham Əliyev illərdən bəri dünyanın siyasi arenasında aktuallığı ilə seçilən, ikili standartların qurbanı olan həqiqətləri məntiqli, düşünülmüş açıqlamaları ilə cavablandıraraq əsl reallığa aydınlıq gətirir. Məkrli siyasəti ilə beynəlxalq ictimaiyyəti aldadan, özünü məzlum, əzilmiş xalq simasında təqdim edən Ermənistanın vəhşiliyini, faşizmə sadiqliyini, tarixin dili, hadisələrin mürəkkəbliyi ilə açıqlayır.Özünü qalib dövlətin başçıları kimi təsəvvür edən Ermənistanın keçmiş və indiki rəhbərlərinin Prezident İlham Əliyevin məntiqli arqumentləri qarşısında susmaları ədalətin yalan üzərində qələbəsidir. Daşnak ideologiyasının təzahürü olan qəddarlığı, qana hərisliyi , etnik təmizləmə prinsiplərini, faşizm mahiyyətini terrorçuluqla birləşdirən Ermənistanın vandalizmi bu toplumun alnına yazılan alçaqlıq, rəzillikdir. Korrupsioner dövlət kimi tanınan, xarici ölkələrdən göstərilən yardımlar, havadarlarının ianələri hesabına özünü müstəqil dövlət hesab edən Ermənistanın rəhbərləri, indiki baş naziri Nikol Paşinyan belə öz xalqını aldadaraq, mif xəstəliyini genefondlarında yaşadır və saxta təfəkkürləri ilə inkişaf etdirirlər.
Cəsur Azərbaycan əsgərlərinin hücumlarına tab gətirməyərək hərbi avadanlıqlarını, silah-sursatlarını döyüş meydanında qoyub qaçan, canlı qüvvə sarıdan xeyli itki verən işğalçı dövlətin rəhbərləri məğlubiyyətini etiraf etmək əvəzinə hələ də «qalib Ermənistan» xəyalı ilə yaşayırlar. Havadarlarına, beynəlxalq təşkilatlara yalvararaq imdad diləyir, atəşkəs istəyirlər. 1994-cü ildən bəri bağlanan atəşkəsə bir gün belə əməl etməyən Ermənistanın artıq bu istəyinin mənası belə yoxdur. İllərdən bəri Xocalı soyqırımını tanımayan, erməni cəlladları tərəfindən qətlə yetirilən günahsız azərbaycanlıların tökülən qanlarına biganə qalan beynəlxalq ictimaiyyət ermənilərin Gəncə terrorundan sonra danışmaq haqları yoxdur. Humanitar atəşkəs rejimində belə döyüş bölgəsindən çox uzaqlarda yerləşən Azərbaycan torpaqlarını ballistik raketlərlə atəşə tutan, mülki əhalini qətlə yetirən Ermənistanın ağ bayraq qaldırmaqdan başqa çarəsi qalmır.
Xarici ölkə jurnalistlərinə müsahibələrində də Azərbaycanın bir qarış torpağının işğal altında qalmasına yol verilməyəcəyini, status-kvonun, təmas xəttinin Azərbaycanın Milli Ordusunun rəşadətli döyüşləri sayəsində ləğv olunduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Ali Baş Komandan kimi Azərbaycan xalqının torpaqlarımızın bütövlüyü, haqq-ədalət uğrunda apardığı Vətən müharibəsini milli birlik, həmrəylik adlandırır. Bu mübarizədə qardaş Türkiyənin, Pakistanın, ölkəmizin haqq işinə dəstək olan dövlətlərin həmrəyliyini yüksək qiymətləndirir. Yaponiyanın «Nikkei» qəzetinə müsahibəsində Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun nəticə verməyən fəaliyyəti ilə bağlı fikrini “Əlbəttə ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır” söyləyən Prezident İlham Əliyev bildirir ki, “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir” sözləri ilə bildirən, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını xatırladan cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə məğlub olacağı məqamı da unutmamalı idi. Hətta humanitar atəşkəsə əməl etməyən Ermənistanın başıboş baş naziri bilməli idi ki, qüdrətli Azərbaycan Ordusu qarşısında onun sınıq-salxaq ordusu tab gətirə bilməz. Siyasi savadı, dövlətçilik təcrübəsi olmayan Paşinyan o dərəcədə savadsızdır ki, hələ də anlamır ki, birtərəfli atəşkəs olmur. Elə buna görə də Azərbaycan Ordusunun torpaqlarımızın bütövlüyü uğrunda apardığı müharibədə məğlub olmağa məhkumdur. “Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir” söyləyən Prezident İlham Əliyev onu da bildirir ki, Paşinyanın qondarma “Dağlıq Qarabağ hökuməti»ni” danışıqlara, üçüncü dövlətləri müharibəyə cəlb etmək səyi, sərsəmləməsi xəyaldır.
Müharibənin sülh yolu ilə bitməsinin tələbi də, şərt də dəyişilməzdir: Müharibənin sülh yolu ilə həlli üçün Ermənistan işğal etdiyi torpaqları qeyd-şərtsiz, son qarışına qədər Azərbaycana qaytarmalıdır.
Azərbaycanda heç zaman ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcəyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda heç vaxt referendumun keçirilməyəcəyini qətiyyətlə bildirir: “Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar”.
Amma Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu status-kvonu, təmas xəttini ləğv etdiyi kimi, Ermənistanın istinad etdiyi “xalqların milli müqəddəratını təyinetmə” prinsiplərinin üstündən həmişəlik xətt çəkdi. Tarixi həqiqəti qanları ilə yazan şəhidlərimizin, Milli Ordumuzun qalibiyyət şüarı olan “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri erməni mifini dağıtmaqla, Vətənin müqəddəsliyini, bölünməzliyini dünyaya bəyan etdi.
İltifat Nəbiyev,
Şirvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru