Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev bəyan etdi ki, qeyri-insani hadisələrin günahkarı məhz Ermənistandır

25 oktyabr 2020 | 16:00

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi bir sıra maraqlı məqamları ilə diqqəti çəkir. Müsahibə zamanı ölkə başçısı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi məsələsi ilə bağlı detallı açıqlamalar verdi və son dövrlərdə Moskvada, Vaşinqtonda keçirilən Xarici İşlər nazirlərinin görüşləri münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamı kimi qiymətləndirdi. Eyni zamanda da qeyd etdi ki, əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Prezident bu görüşlərdə, müzakirələrdə Azərbaycanın əsas məqsədinin Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdən ibarət olduğunu diqqətə çatdırdı.
   Lakin müxbirin Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüşün keçirilə biləcəyi ilə bağlı sualını cavablandırarkən Prezident xüsusi olaraq vurğuladı ki, əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Yəni ki, Azərbaycan tərəfi imitasiya xatirinə və yaxud, birtərəfli qaydada yalnılz ermənilərin maraqlarına xidmət edən görüşlərin keçirilməsində maraqlı deyil. Prezident həmçinin, Ermənistanın hazırki hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivlərinin reallıqdan çox uzaq olduğunu vurğuladı. Qeyd olundu ki, Ermənistanın bu cür qeyri-konstruktiv davranışı həm də Minsk qrupunun lazımi səviyyədə fəaliyyət göstərməməsindən irəli gəlir. Minsk qrupu 30 il ərzində faktiki olaraq heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bunun özü artıq hər şeyi açıq-aydın göstərir.
   Dövlət başçımız Minsk qrupunun həmsədr ölkələrinin eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olması faktını xatırlatdı. Məhz bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu dövlətlər özləri həmin bu qətnamələrin icra edilməsinə heç bir maraq göstərməyiblər. Əksinə, həmsədrlər hər zaman Ermənistanın maraqlarına xidmət edən status-kvonun qorunub saxlanmasında maraqlı olublar".
   Müsahibədə diqqəti çəkən digər önəmli məqam birinci və ikinci humanitar atəşkəslərin pozulmasının səbəbkarının kim olması ilə bağlıdır: İlham Əliyev birmənalı şəkildə vurğuladı ki, bu qeyri-insani hadisələrin günahkarı məhz Ermənistandır. Birinci atəşkəs cəhdindən 24 saat keçməmiş Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə bombardman edildi. Bunu bütün dünya gördü. Eləcə də, gerçək atəşkəsə nail olmaq üçün ikinci cəhd də ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan tərəfi yenə də atəşkəsi pozdu. Ermənistan tərəfi Tərtərdən, Kürdəmirdən tutmuş Xızıya qədər bir çox yaşayış məntəqələrimizi raket və artilleriya atəşinə tutdu. Nəticədə nə qədər dinc insanlar həlak oldu. Bu isə birbaşa hərbi cinayətdir, Cenevrə Konvensiyasının prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Əlbəttə, Ermənistanın hərbi-siyasi
rəhbərliyi buna görə məsuliyyət daşıyacaq, cavab verməli olacaq.
   Sözügedən müsahibədə ən önəmli məqamlardan biri də beynəlxalq müşahidəçilər və ya sülhməramlılar məsələsi ilə bağlı səsləndirilən fikirlər oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə münasibət bildirərkən bununla bağlı bir sıra önəmli sualların mövcud olduğunu bildirdi. Məsələn, müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Bu suallara dolğun və qaneedici cavablar tapılmadan məsələ barədə öncədən hər hansı bir qəti fikir söyləmək mümkün deyil. Azərbaycan Prezidenti həmçinin onu da qeyd etdi ki, “aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir”. Yəni ki, Azərbaycanın birmənalı razılığı olmazsa, hər hansı bir üçüncü dövlət öz hərbçilərini “sülhməramlılar” adı ilə bölgəyə gətirə bilməz. Bu, cənab Prezident tərəfindən verilən açıq mesaj idi.
   “Nikkei” qəzetinə müsahibəsində Prezident İlham Əliyev heç şübhəsiz ki, qardaş Türkiyənin bizə verdiyi dəstək haqqında da danışdı. O bildirdi ki, Türkiyə de-fakto, həm də Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan danışıqlara artıq cəlb olunub. Eləcə də Türkiyənin Cənubi Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkə olduğunu diqqətə çatdırdı. Bu çox önəmli məsələdir. Çünki başqa heç bir ölkənin Güney Qafqazın hər üç ölkəsi ilə sərhədi yoxdur. Bu isə avtomatik olaraq bölgədəki proseslərə münasibət və müdaxilə baxımından Türkiyəyə xüsusi status verir. Prezident də məhz bu geostrateji məqamı nəzərdə tutaraq bildirdi ki, əlbəttə ki, Türkiyə prosesə fəal şəkildə cəlb olunmalıdır, daha doğrusu, Türkiyə artıq prosesə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir".
   Cənab Prezident yapon qəzetinə müsahibəsində siyasi partiyaların mütləq əksəriyyətinin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəklədiklərini də xüsusi olaraq vurğuladı. Qeyd etdi ki, “yalnız iki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin istər siyasi dialoqla bağlı təklifinə münasibətdə, istərsə də işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasətin dəstəklənməsi məsələsində konstruktivlik nümayiş etdirə bilmədi. Dövlət başçısı onu da bildirdi ki, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyəti də ilk növbədə məhz bu iki partiya - Xalq Cəbhəsi və Müsavat daşıyır".
   O cümlədən, Prezident qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılmasının mühüm şərt olduğunu diqqətə çatdırdı. “Burada söhbət təkcə məcburi köçkünlərdən yox, həm də Qərbi azərbaycanlı soydaşlarımızın Ermənistan ərazisindəki yurd yerlərinə qaytarılmasından gedir. Əlbəttə, Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan edərsə, məhz bundan sonra danışıqlar başlaya bilər. Bu da bizim şərtimizdir. Çünki bu gün hər hansı bir şərt irəli sürə biləcək yeganə tərəf varsa, o da Azərbaycandır. İndi nə Ermənistan tərəfi, nədəki həmsədrlər bizim qarşımızda şərt irəli sürə bilməzlər".

Xudakərim  Ağamalıyev,
5 nömrəli ümumi orta məktəbin direktoru

Keçidlər