Ermənistan sülh prosesinin həyata keçirilməsində maraqlı olmadığını nümayiş etdirir.
Bu gün biz Ermənistanın baş naziri Nikol Paşinyanın hər hansı cəhdlərini müşahidə edərkən, həmin cəhdlərində sülhə, yaxud danışıqlar prosesinə dair fikirlərinə dair heç nə görə bilmirik və bundan təəccüb etməyə də dəyməz.
Dövlətimizin başçısı hazırkı dövrə qədər dünyanın bir çox nüfuzlu media qurumlarına verdiyi müsahibələrində hər dəfə xatırladıb ki, Azərbaycan dövləti 30 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı tərəf kimi çıxış edib, bir sıra təşəbbüslər irəli sürməklə, işğal faktının aradan qaldırılması üçün bütün mümkün vasitələr irəli sürüb və qarşı tərəf, yəni Ermənistan hakimiyyəti bu təşəbbüs və təkliflərdən müxtəlif üsullarla qaçıb, sülh prosesinin həyata keçirilməsində maraqlı olmadığını nümayiş etdirib. Hazırda isə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti məhz xalqının iradəsinə söykənərək, beynəlxalq hüquq tərəfindən tanınan və dəstəklənən qərarları əsas götürməklə, işğal altındakı ərazilərimizi hərbi yolla azad etmək siyasətini həyata keçirir. Belə olan məqamda biz digər bir nüansa diqqət yetirməliyik. Nikol Paşinyan artıq bəyan edib ki, o sülhə hazır deyil və eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri, habelə Qarabağdan İrəvana qaçmış erməniləri cəbhəyə yollanmağa səsləyir. Aydındır ki, Paşinyan siyasi hakimiyyətinin ömrünü uzatmağa çalışır, amma digər tərəfdən unudur ki, pafos və saxta vətənpərvərlik şüarları vasitəsi ilə xalqını açıq-aşkar, başqasının torpağında ölməyə göndərdiyi övladlarına görə onun öz hakimiyyətini itirməsi ilə yanaşı, fiziki məhvi də reallaşa bilər. Paşinyanın bu qədər ağır və sarsıdıcı məğlubiyyətdən sonra xalqının əlindən qurtulması elə də inandırıcı görünmür, yəni o rahat şəkildə qaçaraq canını qurtara bilməyəcək.
Əbəs deyil ki, cənab İlham Əliyev yapon nəşrinə verdiyi müsahibəsində də həmin amillərə toxunub və bildirib ki, “Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu ilə nizamlanması perspektivləri çox uzaqdır". Paşinyan bu addımları ilə məhz təhrikedicilik törədir, danışıqlar prosesinin mənasızlığını ortaya qoyur: Ermənistan dinc şəhərlərimizə ballistik raketlər atdı, mülki vətəndaşlarımızı öldürdü və yaraladı, bu gün də həmin cinayətlər törədilməkdədir. Digər bir məsələyə də diqqət yetirək. Baxın, hətta insani dəyər, humanistlik məqsədi ilə Moskvada əldə olunmuş birinci razılaşmanı və sonrakı razılaşmanı yenə də Paşinyan pozdu. Bu gün Ermənistanın terror siyasətini Qarabağ cəbhəsində davam etdirməsi marağı artıq həmin ərazilərdə epidemioloji təhlükə riskinin də artmasına səbəb olmaqdadır. Halbuki, Azərbaycan tərəfi sonradan birtərəfli qaydada təklif irəli sürmüşdü ki, düşmən öz ölmüş hərbçilərinin döyüş meydanından yığsın və biz yenə də bunun qarşılığında qeyri-insani rəftarın şahidlərinə çevrildik.
Prezident cənab İlham Əliyev sözügedən nəşrə müsahibəsində vurğulayıb: "Torpaqlarımız işğaldan tam azad olunduqdan sonra Azərbaycan dövləti ermənilərə mədəni muxtariyyət verə bilər və belə bir təklifin irəli sürülməsi də sübut edir ki, Azərbaycan daim sülh carçısı olaraq çıxış edir. Amma bu o demək deyil ki, düşmən dövlətimizin humanizm prinsipinə söykənən siyasətindən öz kirli, terrorçuluq məqsədləri üçün istifadə edə bilər. Yəni bizim erməni xalqı ilə işimiz yoxdur, yalnız təhlükə yaradan qüvvələrinə, silahlı birləşmələrinə, onların vəhşiliyinə qarşı əlbəttə ki, humanizm nümayiş etdirə bilmərik. Bu baxımdan, bu gün hər birimiz xalq olaraq Ali Baş Komandanımızın ətrafında birləşərək, vahid şəkildə öz ədalətli, haqlı vətən müharibəmizi davam etdirir, qələbələrə doğru addımlayırıq".
Paşa Nəbiyev,
YAP Şirvan şəhər təşkilatının sədr əvəzi