Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.
Oktyabrın 20-də möhtərəm Prezidentimiz İlham Əliyev xalqa müraciətində səsləndirdiyi bəyanatlarda 30 ilə yaxın müddətdə işğalçı Ermənistan üçün vaxt qazanmaq məqsədilə sadəcə sözlə missiyalarını bitmiş hesab edən ATƏT-in Minsk qrupunun həmsədlərinin, dünya birliyinin ikili siyasətinə bir daha diqqəti yönəldərək bildirmişdir ki, beynəlxalq münasibətlərdə hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Onlar, sadəcə olaraq, kağızda qaldı. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Nəzərə alsaq ki, Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, bu ölkələrin iştirakı və səsverməsi ilə qurum Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bəyanatlarla kifayətlənib işğalçını bu günədək adı ilə çağırmamaq Ermənistana açıq-aşkar dəstək olsa da, rəsmi Bakı yenə də münaqişənin sülh danışıqları əsasında ədalətli həllinə səy göstərdi. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətinin əsas məqsədi bu idi ki, hüquqi baza təkmil olsun, möhkəmlənsin və buna da nail olundu. Bu gün Azərbaycan döyüş əməliyyatını məhz beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir.
Ermənistanın son addımları, baş nazir Nikol Paşinyanın sərsəm bəyanatları onun danışıqların davam etdirilməsi istəyində, bunun üçün dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışlarında riyakarlığını nümayiş etdirir: “Ermənistanın baş nazirinin “münaqişənin diplomatik həlli yoxdur” açıqlaması növbəti dəfə nümayiş etdirdi ki, problemin danışıqlar yolu ilə həllində maraqlı deyil. N.Paşinyan bütün hakimiyyət orqanlarını, mülki əhalini silahlanmaya çağırmaqla onları açiq-aydın hərbi əməliyyatlara sövq etdiyini nümayiş etdirir. Ən əsası bu açıqlamanın hansı ərəfəyə təsadüf etdiyi də diqqətdən kənarda qalmır. Bu baxımdan ki, oktyabrın 20-21-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya işğüzar səfərləri oldu. Bu gün isə ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Xarici İşlər nazirləri səviyyəsində görüş keçiriləcək. Ermənistanın baş nazirinin məlum açıqlaması Rusiyanın və ABŞ-ın danışıqlar prosesinin bərpası ilə bağlı vasitəçiliklərinə hörmətsizlikdir. Amma düşünmürük ki, Ermənistanın bu riyakarlığına görə də ona hansısa təzyiq göstərilsin.
30 il dünya dövlətlərinin maraqlarının toqquşması fonunda Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradıldığı halda, bu gün həmin dövlətlərin Azərbaycan Ordusunun, dövlətimizin qətiyyətinin, xalqımızın iradəsinin əsasında işğal altında olan torpaqlarımızı azad etmək əzmini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində atdığı addımları görüb danışıqlar prosesini bərpa etmək üçün cəhdlər göstərməsi birmənalı qarşılanmır. ATƏT-in Minsk qrupunun həmsədrləri 28 illik fəaliyyətlərinə diqqət yetirsələr məqsədlərinin nədən ibarət olduğunu aydın şəkildə görərlər. Möhtərəm Prezidentimiz İlham Əliyev bu günlərdə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində də Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırarkən Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, “Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Minsk qrupunun həmsədrlərinin zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün, ən əsası hazırda Ermənistanın döyüş meydanında məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlarını görmək istərdik.”
Bugünümüzün reallığı budur ki, dövlət-xalq-ordu birliyi əsasında tarix yazılır. Bütün işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına sayılı günlər qalır. Bu əminliyi də böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin zəfər sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.
Ramil Tağıyev,
Təhsil RİM Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinın direktoru