Azərbaycan heç vaxt öz ərazisində “ikinci ermənistan” dövlətinin yaradılmasına imkan verməyəcək.
Azərbaycanın artmaqda olan hərbi uğurları, işğal olunmuş torpaqların işğaldan azad edilməsi və mühüm strateji yüksəkliklərin ordumuz tərəfindən ələ keçirilməsi fonunda ermənilərin rüsvayçı məğlubiyyəti ilə barışa bilməyən Ermənistan rəhbərliyi ölkəmizə qarşı yalan dezinformasiyalar yaymaqda davam edir. Azərbaycanın guya Yaxın Şərqdən gətirilmiş muzdlu terrorçulardan istifadə etməsi yalanı ilə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Lakin bütün bunlar yalan və şaiyədən başqa bir şey deyil. Çünki bunun üçün heç bir fakt və ya sübut yoxdur. Azərbaycanın kifayət qədər hərbi qüvvəsi mövcuddur və Azərbaycan öz Ordusuna arxalanır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ermənistanda artıq orduya inam özünü çoxdan itirib. Artıq erməni xalqı başa düşür ki, məğlubiyyətə məhkum edilmiş bir ordunun sıralarında xidmət etmək mənasızdır. Odur ki, onlar övladlarını müxtəlif yollarla ordudan yayındırmağa çalışırlar. Belə olduğu halda Ermənistan rəhbərliyi çıxış yolunu yalnız Yaxın Şərqdən gətirilmiş terrorçu qruplaşmalarda görür. Bu gün Ermənistan ordusunda kifayət qədər muzdlu terrorçu dəstələr vuruşur. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bu özü bir faktdır. Eyni zamanda bütün müharibə qanunlarına və beynəlxalq konvensiyalara zidd addımdır. Bütün bəşəriyyətin terrorizmə qarşı mübarizə apardığı, dünyanın terrorizmə qarşı birgə mübarizədə birlik və həmrəylik nümayiş etdirdiyi bir dönəmdə Ermənistanın Dağlıq Qarabağı terror yuvasına çevirməsi,terrorçu dəstələrdən orduda istifadə etməsi Ermənistanın bir terror dövləti olduğunu bir daha nümayiş etdirir. Digər tərəfdən terrorizm və cinayət ideologiyası üzərində qurulmuş bir dövlət üçün bu adi bir haldır. Dağlıq Qarabağda seperatçı quldur rejim tərəfindən idarə olunan qondarma “respublika” guya özlərinin müqəddartlarını təyin etmək üçün beynəlxalq hüquqa zidd olaraq orada referendum keçirməyə çalışır. Əvvəla ermənilər bilməlidirlər ki, onlar hər yaşadıqları yerdə öz müqəddəratlarını həll etsəydilər, onda dünyada nə qədər kiçik Ermənistan dövlətləri ola bilərdi. İkincisi ermənilər artıq öz müqəddəratlarını həll edib və Azərbaycan heç vaxt öz ərazisində “ikinci ermənistan” dövlətinin yaradılmasına imkan verməyəcək.
Elnur Novruzov,
1 nömrəli tam orta məktəbin direktor müavini