Ermənistan işğala son qoymazsa döyüş meydanında rüsvayçı məğlubiyyətin acı nəticələrini yaşamağa məcbur olacaq.
İşğalçı Ermənistanın hərbi-cinayətkar rejiminin təxribatlarına cavab olaraq Azərbaycan və Ermənistan arasında sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar əslində Azərbaycanın tarixi ədaləti bərpa etmək uğrunda apardığı azadlıq müharibəsidir. Azərbaycan Ermənistanın 27 il davam edən işğalına qarşı müharibə aparır. 27 ildir işğal atında qalan doğma torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi əlbəttə tarixi ədalətin bərpa olunması deməkdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi haqqında 4 qətnaməsi mövcuddur. Bununla yanaşı Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən qətnamələrinə eləcə də ATƏT-in Minsk qrupunun bəyanatlarına Ermənistan heç bir əhəmiyyət vermir. Bununla da beynəlxalq hüququ tapdalamağa davam edir. Ermənistan Azərbaycan torpaqlarında referendum keçirməyə və “ikinci Ermənistan” dövləti yaratmağa cəhd edir. Bu bütün beynəlxalq hüquqa və konvensiyalara zidd addımdır. Əgər Ermənistan erməni xalqının müqəddaratını həll etmək istəyirsə bunu Azərbaycan torpaqlarında edə bilməz. Təsəvvür etmək çətindir ki, dünyanın hər yerində yaşayan ermənilər öz müqəddəratlarını təyin etsələr dünyada nələr baş verər, nə qədər ermənistan dövətləri yaranar. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında və bəyanatlarında açıq şəkildə ifadə etmişdir. Ermənistan həmçinin müharibə qanunlarına, beynəlxalq konvensiyalara zidd olaraq müharibənin getmədiyi və dinc əhalinin sıx yaşadığı şəhərləri və yaşayış məntəqələrini mülki əhaliyə qarşı istifadəsi qadağan edilmiş silahlarla atəşə tutur. İki dəfə hunamitar zəmində elan olunmuş atəşkəsi pozmağa cəhd edən Ermənistan bir daha nümayiş etdirdi ki, o heç bir humanizm prinsiplərini tanımır. Tərəflər arasında substantiv danışıqların aparılması razılaşmasına baxmayaraq Ermənistanın qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdləri bir daha göstərdi ki, Ermənistan danışıqlar və sülh prosesini pozmağa davam edir.
Azərbaycanın isə mövqeyi qətidir: İşğal olunmuş əraziləri Azərbaycana qaytarılmalıdır. Əgər Ermənistan bu şərtlərlə razılaşarsa o zaman sülhə nail olunacaq. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir. Əks təqdirdə Ermənistan döyüş meydanında rüsvayçı məğlubiyyətin acı nəticələrini yaşamağa məcbur olacaq.
Ələsgərova Elmira,
16 nömrəli tam orta məktəbin direktoru